“Mənim övladıma gözün üstə qaşın var deyə bilməzsiniz”

 

Cəmiyyətdə ictimai mənada hər hansı bir hadisə baş verəndə, onun həm maddi, həm də mənəvi tərəfi özünü biruzə verir. Maddi deyilən səhnədən tez çəkilib gedir. Mənəvi isə dərin silinməz izlər buraxır.

 

Küçənin ortasında maşından düşüb ailəsinə çörək qazanan bir insanı döyüb öldürmək… Bilmək olmur ki, bu, nədən xəbər verir?  Düz on aydan sonra, cəsədləri indi tapılıb gətirilənlər də bu xalqın övladıdır, harınlıqları ilə ailəni başsız qoyanlar da…

 

Məlum məsələdir ki, bu “qəhrəmanlar” uşaq yaşlarında məktəbdə ürəkləri istəyən yaramazlıqları edəndə, valideynləri məktəb heyətini hədələyirlər: “Mənim övladıma gözün üstə qaşın var, deyə bilməzsiniz”. Məhkəmə qarşısında hesabatı göz altına alan müəllim də, direktor da susmağa üstünlük verirlər. Belə uşaqlar böyüyəndən sonra həyatları boyu  onlara etdikləri qanunsuz hərəkətləri barədə irad tutanları döyərək öldürməkdə özlərini haqlı sanırlar.

 

Xalqımızın görkəmli şairlərindən biri Əli Kərimin şeirlərindən ibrətamiz deyimlərdən iki müraciəti yadımda qalıb. Birində deyir ki, yaşlı insanın yanından ötüb keçmə, ona öz qocalığını xatırladırsan. O birində də deyir ki, metronun qapısını açıb keçəndə, əlinlə onu arxadan gələn üçün saxla.

 

Televiziya kanalları arasında “Qlobal” adlı bir kanal çox təsirli verilişlər çəkib yayır. Burada ümumbəşəri çətinlik və problemlərdən bəhs olunur. Belə bir veriliş verildi həmin kanalda. Ərzaq sarıdan daha çox əziyyət çəkən Afrika ölkələrindən biri Efiopiyada qadın azyaşlı övladını anası, bacıları, qardaşlarının himayəsinə verərək, Suriyada aylıq məvacibi 200 ABŞ dolları olaraq dayə işləyir. Həmin 200 dolları aclıq həddində olan yaxınlarına göndərir və bu qədər insan acından ölməkdən xilas olur.

 

Veriliş başa çatanda deyilir ki, qlobal məsələləri yazıb göndərin. Mən təklif edərdim ki, yuxarıda danışdığımız bizim azərbaycanlı gənclərin də dərdini  “qlobal” hesab edib həmin kanala göndərək. Daha ondan keçib ki, deyək ki, biabır olarıq.

 

Allah bundan sonrasını saxlasın!

 

Nəzakət Muradova