Təyyarə qəzası ilə bağlı yeni təfərrüatlar

Yutubda Pavel Pazin adlı rusiyalı pilotun geniş müsahibəsi yayılıb. O, Embraer təyyarələrinin də pilotu olub. Pavel Pazin dekabrın 24-də Bakı-Qroznı istiqamətində hərəkət edən AZAL-a məxsus təyyarənin Aktauda faciəvi şəkildə yerə çırpılmasını sırf texniki tərəfdən şərh edib. Mütəxəssisin şərhində 3 önəmli məqam diqqəti cəlb edir:

1. Təyyarənin idarə olunması hidravlik sistem vasitəsilə həyata keçirilir. Şturvalda qeydə alınan komandalar elektrik sistem vasitəsilə hidravlik sistemə öturülür. Hidravlik sistem qanadların və təyyarənin quyruğunun pozisiyasını dəyişməklə, təyyarənin aşağı-yuxurı və yaxud sola-sağa dönməsini təmin edir. Pazin deyir ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində qeydə alınan dəliklər, onun elektrik və yaxud hidravlik sisteminin sıradan çıxmasına səbəb
ola bilərdi. Hidravlik sistem deşildikdə sistemdə maye azalmağa başlayır, təyyərə birdən-birə yox, TƏDRİCƏN idarəolunmaz hala gəlir. Pilotlar bu halda ancaq mühərriklərin sürətini azaldıb, çoxaltmaqla onun yuxarı qalxması, yaxud aşağı enməsinə nail ola bilir, çevik idarəetməni itirirlər.

2. Əgər təyyarənin germetizasiyası pozulubsa, yaxud hidravlik sistem zədələnibsə, sistemin özü pilota alarm siqnalı verir. Alarm siqnalı işə düşdüsə, monitorda qırmızı işıq yanır, bu halda ekipaj ən yaxın aerodromda məcburi enişə başlamalıdır. Bu halda ekipajın dispetçerdən İCAZƏ ALMADAN eniş etmək hüququ var.

3. Hər bir təyyarənin, hətta adi deltaplanların uçuşlarının dəqiq marşrutu və vaxtı barədə ƏVVƏLCƏDƏN Hava Hücumdan Müdafiə qüvvələrinə məlumat verilir. HHM qüvvələri havada təhlükəli hədəf müəyyən etdikdə, ona atəş açmazdan öncə, qanuni reys icra edən uçaqları xəbərdar etməyə BORCLUDURLAR.

Pilotun bu şərhini dinlədikdən sonra faciənin tam süjeti ortaya çıxır. Belə görünür ki, dekabrın 24-də Ukrayna dronları radarlara düşən anda Çeçenistandakı HHM qüvvələri onları dərhal atəşə tutublar. Sərnişin təyyarələrini xəbərdar etmək yaddan çıxıb. Həmin vaxt Qroznı aeroportuna yaxınlaşan Azərbaycan Hava Yollarının təyyarəsinə də atəş açılıb, ciddi xəsarət yetirilib. Yalnız bundan sonra, Rusiya hərbçilərinin yadına düşüb ki, hava məkanını bağlamayıblar və bundan sonra “Kovyor” elan ediblər.

Müxtəlif məlumatların təhlili göstərir ki, təyyarənin ekipajı təyyarə atəşə məruz qaldıqdan sonra məcburi enişə cəhd ediblər. Ola bilər ki, ekipaj icazə verməsə də, pilotlarımız qəzalı vəziyyətin verdiyi hüquqdan istifadə edərək təkrarən məcburi enişə cəhd göstəriblər və bundan sonra ikinci və üçüncü atəşlərə məruz qalıblar. Bu atəşlərdən sonra Rusiya HHM qüvvələrinin nə qədər amansız olduğunu dərk edərək, Rusiya ərazisindən 180 dərəcə əks istiqamətdə – Qazaxstana doğru istiqamət götürüblər.

Bəlkə də yaxın aerodromlarda enişə icazə verilsəydi, təyyarə aldığı xəsarətlərə rəğmən uğurlu eniş edəcəkdi, amma icazə verilməyib. Vaxt keçdikcə hidravlik sistemdə maye axıntısı çoxalıb. Və təyyarə Aktauya çatdığında, onu artıq eniş xəttinə dəqiq yönləndirmək mümkün olmayıb.

Soruşurlar ki, pilot niyə, məsələn, daha yaxında olan Tbilisidə eniş etmək qərarı verməyib? Niyə Aktauya gedib? Pilot Pavel Pazin deyir ki, “qara qutular” deşifrə edilmədən bu sualların dəqiq cavabı bilinməz. Amma izah edir ki, Tbilisidə eniş etmək üçün təyyarə Böyük Qafqaz silsilə dağlarını aşmalı idi, yəni azı 5-6 min metr yüksəkliyə qalxmalı idi. Bu isə dəliklərə görə germetizasiyası pozulmuş təyyarənin sərnişinləri üçün havasızlıq, təzyiq və temperatur fərqinə görə ölüm deməkdir.

Bir qeydim də ekipajın əvvəl dənizdə məcburi enişə hazırlaşması, sonra sahilə enməyə cəhd etməsilə bağlıdır. Deyirlər ki, pilotlar fikrini dəyişib. Ola bilər ki, pilotların Xəzərin o biri sahilinə gedib çıxacaqlarına ümidi olmayıb, ona görə dənizə enməyə hazırlaşıblar. Amma təyyarəni bir təhər aparıb sahilə çatdıra biliblər, bundan sonra normal eniş edə biləcəklərinə ümidləri yaranıb, ona görə suya enmək fikrindən vaz keçiblər.

Bəlkə də bort bələdçisi Hökumə Əliyeva məhz o ümidin yarandığı anda “hər şey yaxşı olacaq” deyib.

Bütün bu detallar da bilinəcək. Qəzanın baş verdiyi gün yazmışdım ki, bu məsələdə həqiqəti ört-basdır etmək mümkün olmayacaq. Həqiqətlər xeyli dərəcədə açılıb, qalanları da açılacaq.

Bu gün II Fəxri Xiyabanda qəhrəmancasına həlak olmuş pilotlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın məzarlarını ziyarət etdik.

Allah rəhmət eləsin.

Mustafa Hacıbəyli