Müsavat Divanının gündəliyi
Yanvarın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
20 Yanvar faciəsinin 35 illiyi ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, eləcə də, Cəlilabad, Biləsuvar, Neftçala və Ağsu rayonlarında Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Müsavat Partiyasının üzvlərinin iştirakı təqdirəlayiq hesab edilib.
Anım günündə hakimiyyətin AXCP üzvlərinə qarşı həyata keçirdiyi təxribatların yolverilməz və qanunsuz olduğu vurğulanıb.
Mərhum müsavatçı Natiq Ulubəyin qətli ilə bağlı məhkəmə prosesin gedişi barədə məlumat verilib.
Bələdiyyə seçkilərində müşahidəçi kimi qeydə alınan şəxslərə təzyiqlər haqqında məlumat verilib və bu təzyiqlərə son qoyulması tələb edilib.
Avropa Liberal Demokrat İttifaqının (ALDE) 2029- cu ilə qədərki dövr üçün həyata keçirəcəyi strategiyasına dair Müsavat Partiyasının təklifləri müzakirə olunub
Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilə biləcəyi haqda məlumatlar müzakirə edilib.
Yanvarın 31-də saat 12:00-da Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günü ilə bağlı tədbir keçirilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə olunub.