Rusiyadakı anti-Azərbaycan təbliğatı cavabsız qalmalıdır?
Bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi görüşə dəvət edərək, Rusiya Federasiyasına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.
Qaluzin və Mustafayevin görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir: “Azərbaycan KİV-lərində son vaxtlar Rusiya əleyhinə çıxan bir sıra nəşrlər, eləcə də Bakıda “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub”.
Maraqlıdır ki, arqument kimi Qaluzin Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsində nəzərdə tutulan strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Öz hava məkanında AZAL-ın təyyarəsini vuran və bütün vasitələrlə məsuliyyətdən yayınmağa çalışan Rusiya birdən-birə Moskva Bəyannaməsini xatırlayaraq Azərbaycan mətbuatının anti-Rusiya yönümlü olması ilə bağlı Azərbaycana qarşı iddialar irəli sürməyə cəsarət edir.
Bundan əlavə, Rusiya dövlət büdcəsindən maliyyələşən və aktiv anti-Azərbaycan yönümlü olan “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsinin Rusiya redaksiyasının fəaliyyətini misal çəkmək olar. Üstəlik, bu nəşr yaxın vaxtlara qədər Azərbaycanla informasiya müharibəsinin önündə gedirdi. “Sputnik”in baş redaktoru Marqarita Simonyan isə vaxtilə Rusiyanın Ukraynaya təcavüzünün simvolu olan “Z” hərfinin Qarabağda görünməsindən cılız bir sevinc hissi keçirdi və ağılsızcasına ümidini bildirdi ki, bir gün Azərbaycanın bu ərazisi Rusiyanın tərkibinə daxil olacaq.
Bütün bunlar Moskva Bəyannaməsinin ruhuna zidd deyil, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmir və millətlərarası nifaq salmır?
Ayna