Şuşa belə azad edildi
Qəhrəman ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsinin iki ili tamam olur.
Xüsusi təyinatlılarımız Şuşaya 3 istiqamətdən girib.
Daşaltı istiqamətində döyüşlərdən bəhs edən baş gizir Seymur Qurbanov Şuşa istiqamətində döyüşlərdə iştirakı barədə danışaraq deyib: “Şuşa istiqamətində irəliləyərkən düşmənin bizi görməməsi üçün sıx meşəliklərdən keçərək Daşaltıya çatdıq. Ermənilər bizi intensiv atəşə tutduğundan dərələrdə gözləməli olduq. Bu zaman xeyli yaralanan əsgərlər oldu və biz onları həmin ərazidən çıxardıq.
Sonra bizə Şuşa istiqamətində rabitə əlaqəsi yaratmaq barədə komanda gəldi. Teleqülləyə qalxdıq. Ora çatanda düşmən dronunun başımızın üstündə hərəkət etdiyini gördük. Bizi vurmağa, irəliləməyə mane olmağa çalışırdılar. Buna baxmayaraq, verilən tapşırığı yerinə yetirdik, Şuşa istiqamətində rabitə əlaqəsi yaratdıq. Zabit və əsgərlərimizin şücaəti nəticəsində Şuşa tam işğaldan azad olundu və düşmən tamamilə torpaqlarımızdan qovuldu”.
Şuşanın dağlıq ərazidə yerləşdiyini vurğulayan polkovnik Habil Cümşüdov bildirib ki, Şuşa əməliyyatı nəinki Azərbaycan, həmçinin dünya hərb tarixində xüsusi yer tutur. Bu hərbi əməliyyatda xüsusi təyinatlıların rolunu qeyd etmək lazımdır. Bütün çətinliklərə və əzab-əziyyətə baxmayaraq, qarşıya qoyulmuş məqsədə nail olundu. Çünki xalqımız 30 il idi ki, Şuşanın azad olunması arzusu ilə yaşayırdı. Ona görə əsgər və zabitlərimiz o qədər ürəklə və həvəslə ölümü belə göz ardına alaraq bu əməliyyatın uğurla yekunlaşmasına töhfə verməyə can atırdı. Belə ərazidə əsgərlərin, zabitlərin çətinliklərə baxmayaraq düşmənə qalib gəlməsi qürurvericidir. “Şükürlər olsun ki, biz qarşımıza qoyulan məqsədə çatdıq.
Şuşa üzərində tam nəzarət noyabrın 7-i axşam saatlarında qurulub. Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi.
Əməliyyatda iştirak edən hərbçilərin özlərinə görə, küçə döyüşləri dərhal başlayıb və artıq günün ikinci yarısında düşmənin müqaviməti qırılıb. Bundan sonra binaların və düşmənin gizləndiyi mümkün yerlərin təmizlənməsi aparılıb. Axşam saatlarında son müqavimət nöqtələri yatırdılıb və səhərə qədər şəhərdə aktiv döyüşlərın olmadığı bildirilir.
Noyabrın 8-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əldə etdikləri müvəffəqiyyətə əsaslanaraq Şuşadan Xankəndi istiqamətdə hücumlarını davam etdiriblər. Yalnız Bakıdan gələn növbəti əmrdən sonra əməliyyatın başa çatdığı elan olunub.