Müsavat Divanının gündəliyi

Fevralın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Yanvarın 31-də Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günü ilə bağlı keçirilən yürüş-mitinq yüksək qiymətləndirilib.

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri haqda məlumat verilib. Qeyd edilib ki, seçicilərin əksəriyyəti səsvermədə iştirak etməyib, seçkilər kütləvi qanun pozuntuları və saxtakarlıqlarla müşayət edilib. Seçkilər azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib. Müsavat Partiyası 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkiləri nəticələrinin ləğv edilməsini, yeni seçkilərin keçirilməsini tələb edir.

Divanın toplantısında siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlər yaranması ilə bağlı məlumatlardan narahatlıq ifadə edilib. Müsavat Partiyası bütün siyasi məhbusların azad olunmasını tələb etməklə yanaşı, onların sağlıq durumuna görə hakimiyyətin məsuliyyət daşıdığını vurğulayır.

İclasda ölkədə və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.