Rusiya defolt astanasında

Mayın 26-dan etibarən birjalarda Rusiya rublunun məzənnəsi yenidən sürətlə enməyə başlayıb.

Amma ABŞ Maliyyə Nazirliyinin  çərşənbə axşamı verdiyi qərar Rusiya üçün rublun ucuzlaşmasından daha böyük problemlər vəd edir. Amerika Xəzinədarlığı rəsmi olaraq elan edib ki, suveren istiqrazlar vasitəsilə Rusiyadan valyuta almağa icazə verən lisenziyanı yeniləməyəcək. Bu o deməkdir ki, artıq iyul ayında Rusiya defoltla üzləşə bilər.

Məsələ ondadır ki, Rusiya xarici borclar üzrə ödənişlərini suveren istiqrazlar vasitəsilə həyata keçirirdi. İndi Rusiya ödənişləri xarici valyuta ilə etməli olacaq.  Hərçənd, Ukraynaya qarşı hərbi təcavüzə başladıqdan sonra Rusiyanın qızıl-valyuta ehtiyatlarının böyük hissəsi dondurulub.

RBK-nın məlumatına görə Rusiya Maliyyə Nazirliyi  xarici borclar üzrə mayın 27-nə planlaşdırılan  ödənişləri əvvəlcədən həyata keçirib. Növbəti dollar ödənişləri iyunun 23-24-nə planlaşdırılıb.

ABŞ Xəzinədarlığının lisenziyasının müddəti başa çatdıqdan sonra Rusiya yalnız avro ilə ifadə olunan istiqrazlar üzrə ödənişlər edə biləcək.

Əgər ödənişlər edilməsə, 30 günlük güzəşt müddəti başa çatdıqdan sonra, yəni iyulun sonunda Rusiyanı rəsmi defolt gözləyə bilər.

 

Bütün bunlar nə deməkdir?

“Defolt” sözünün özü Rusiyada 1998-ci ilin avqustunda baş verən maliyyə böhranı ilə assosiasiya olunur  – rublun sürətlə ucuzlaşması, bank sisteminin çökməsi və əmanətlərin itirilməsi.

Lakin Rusiya hakimiyyəti hesab edir ki, bu dəfəki defoltun da eyni nəticələrə gətirib çıxaracağını düşünmək üçün əsas yoxdur: 1998-ci ildəki defolt birbaşa iqtisadi böhranın nəticəsi idisə,  bu dəfə söhbət  onun formal əlamətlərindən gedir.

Rusiya hakimiyyəti mümkün defoltu formal adlandırmağa üstünlük verir, çünki əslində onların kreditləri ödəmək üçün pulları var. Kremldə ümid edirlər ki, qısamüddətli perspektivdə defoltun təsiri nəzərə çarpmayacaq.

Rusiyanın xarici borcları 2014-cü ildən bəri ümumilikdə azalıb və hazırda ÜDM-in rəxminən 30 faizini təşkil edir.

Rusiya Maliyyə Nazirliyi bu il borc götürməyi planlaşdırmır, üstəlik, defolt olmadan da  Aİ və ABŞ-ın maliyyə bazarları faktiki olaraq Rusiyanın üzünə bağlıdır.

Amma bütün bunlar o demək deyil ki, defolt Rusiyaya təsirsiz ötüşəcək.

 

“Bu, böyük bir defolt olacaq, yəqin ki, 1998-ci ildən bəri inkişaf etməkdə olan bazarlarda ən böyük maliyyə böhranını görəcəyik”.

Bunu “Bloomberg” dərgisi Greylock Capital Associates-in portfel meneceri Conatan Prinə istinadən yazıb.

Ekspertlər hesab edir ki, Putin hakimiyyətinə son qoyulana qədər  və ya Rusiya Ukrayna ərazisini tamamilə tərk edənə qədər ABŞ Maliyyə Nazirliyi Rusiyanı defoltda saxlayacaq. Bu, borc faizlərinin artması, investisiyaların azalması, yaşayış səviyyəsinin pisləşməsi və ümumi iqtisadi tənəzzül deməkdir.

Qeyd edilir ki, hətta Çinli kreditorlar belə Rusiyaya defoltda qaldığı müddətdə borc vermək istəməyəcək, yaxud bunu çox yüksək faiz müqabilində edəcəklər.

Rusiya bütün bunlardan yayınmaq, üstəlik dondurulmuş valyuta ehtiyatlarının və xaricdəki aktivlərinin müsadirə edilməsinə qanuni əsas verməmək üçün öz kredit öhdəliklərinə əməl etmək istəyini nümayiş etdirir. Amma ekspertlərin hesablamalarına görə, Rusiya Ukraynada böyük məsrəflər tələb edən müharibəni davam etdirəcəyi təqdirdə, xarici borclar üzrə öhdəliklərinə əməl edə bilməyəcək. 

 

Mənbə: “Meduza”, “RBK”, “Bloomberg”.