AZAL-ın vurulan təyyarəsində Rusiya raketinin qəlpələri tapıldı
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.
Modern.az-ın məlumatına görə, Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilir ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – mənbə bildirib.
Ötən gün Qazaxstanın Nəqliyyat Nazirliyi AZAL-ın vurulan təyyarəsində tapılan qəlpələrin fotolarını dərc edib:
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.