İsrail BMT baş katibinin istefasını tələb edir

İsrail dövləti BMT-nin baş katibi Antonio Quterreşin istefasını tələb edib. Baş katibin İsrail-Həmas qarşıdurması ilə bağlı bəyanatı buna səbəb olub.

Quterrеş HƏMAS-ın terror aktlarını pisləsə də, fələstin xalqının on illər boyu pozulan hüquqlarını dilə gətirib.

“Həmas hücumlarının vakumda baş vermədiyini də etiraf etmək vacibdir”, – Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı iclasında deyib. “Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının davamlı şəkildə ələ keçirildiyini; insanların zorakılığa, iqtisadi sıxışdırmaya məruz qaldığını, didərgin salındığını, evlərinin söküldüyünü görürlər. Onların öz çətin vəziyyətlərinin siyasi həllinə olan ümidləri əriməkdədir”, – Quterreş bildirib.

“Fələstin xalqının problemləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz” – deyə, Quterreş əlavə edib.

Quterreşin çıxışı İsraili qəzəbləndirib. Ölkənin BMT-dəki səfiri Gilad Erdan bu çıxışı “şok bəyanat” adlandırıb və baş katibin istefasını tələb edib.

“Uşaqların, qadınların və qocaların kütləvi şəkildə öldürülməsi kampaniyasına anlayış göstərən BMT-nin Baş katibi BMT-yə rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”, – deyə Erdan özünün X hesabında yazıb.

İsrailin Xarici işlər naziri Koen isə ABŞ-da Quterreşlə planlaşdırılan görüşü ləğv edib.

Basta