Ermənilər mülki əhalini atəşə tutub – ölən və yaralananlar var

Erməni təxribatı nəticəsində bir ailənin beş üzvü həlak oldu – RƏSMİ

.

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

.

Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olublar.

Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

.

***

.

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan mülki sakinlərimizin görüntüləri yayılıb.

Məsələ ilə bağlı Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir:

Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi həmçinin, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədibər. 

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,  1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Dərin təəssüf hissi ilə bildiririk ki, düşmən təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında itkilərimiz var.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. 

Yerlərdə prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları tərəfindən baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir. 

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq. 

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq. 

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

.

oxu.az