Tofiq Yaqublunu xilas etmək lazımdır

 

Məhəmməd Əmin Rəsulzadə 1908-1911-ci illər ərzində Tehranda “İrani-Nov” qəzetində müxbir işləyərkən məqalələrinin birini bu ölkədə həyata keçirilən edam cəzasına həsr edib.

O, yazırdı: “Havanın istisindən zirzəmilərə doluşmuş Tehran əhalisi şəhərin mərkəzində başlayan qohum-əqrəbalarının edam hadisəsini seyr etmək üçün bir-birini itələyərək meydana qaçırdılar. Üstəlik cəzası verilənin doğması ilə qarşılaşanda ona təskinlik üçün başın sağ olsun da deyirdilər”.

Bu ifadələrlə müəllif xalqın nə qədər ürəkdağlayan bir vəziyyətdə olduğunu bildirirdi.

XXI əsrə qədəm qoymağımıza baxmayaraq, baş verənlərdən o dövrün ab-havası duyulur. Dünyanın gözü baxa-baxa bir insan özünü əcəlsiz məhv edir. Kütlənin böyük bir qismi susqunluq içərisindədir, radikallığı özünə sevimli peşə seçənlər isə öz haylarındadır.

Siyasi çəkişmələrin qurbanına çevrilmiş  müsavatçı Tofiq Yaqublunun həyatını, nə qədər gec deyil, xilas etmək lazımdır. Artıq hər kəsə bəllidir ki, o, özünün günahsız olduğunu sübut etmək üçün ölümü seçib. Bu, təkcə onun üçün yox, bütün türk dünyası üçün bir sınaqdır. Elə bir məqam gəlib yetişib ki, bu məsələdə səhv mövqe tutan Tanrı tərəfindən bağışlanmayacaq.

Bəlkə elə bu da tale yazısıdır ki, T.Yaqublunu bu inadkarlıqdan döndərmək üçün xalqın birliyi tələb olunur.

Nəzakət Muradova