Saxlanılan ictimai fəala cinayət işi qaldırılıb

İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında saxlanılıb.

Onun dostu, ictimai fəal Kamran Məmmədlinin yazdığına görə, təxminən saat 21:50-də 28 May metrostansiyasının içində onunla ayrılandan sonra, Ə.Məmmədlidən xəbər ala bilməyib.

“Əvvəl telefonuna zəng çatmasa da indi zəng çatır, amma zəngi cavablamır. Biz onun saxlanıldığını ehtimal edirik”, – Kamran Məmmədli özünün “Facebook” hesabında yazıb.

Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli də sosial şəbəkələrdən Daxili İşlər Nazirliyinə xitabən post paylaşıb:

“Əhmədlə axırıncı dəfə 22:11-də əlaqə saxlamışam. Sonra heç cürə əlaqə saxlaya bilmədim. Yoldaşım hardadı? Mənə cavab verin !!”

Kamran Məmmədlinin məlumatına görə, Əhməd Məmmədli Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb:

“Kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Özü isə döyüldüyünü və vəziyyətinin çox pis olduğunu bildirib” (Meydan TV).

Əhməd Məmmədliyə qarşı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən adama ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

APA informasiya agentliyinin bununla bağlı dərc etdiyi xəbərdə bildirilir ki, Ə. Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Buna səbəb kimi də taksidə yer üstündə mübahisə göstərilir.

Ə.Məmmədlinin 2024-cü ilin yanvar ayından ölkədən çıxışı qadağan olunub.

Yanvarın 23-də o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışdı. Prokurorluqda ona bildirmişdilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edib, həmçinin ölkədən çıxışına qadağa qoyulub.

Ə.Məmmədli 2022-ci ildə də saxlanmışdı. Həmin il sentyabrın 20-də fəal İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.

Məmmədli məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirmişdi ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub.