Yasamalda FHN-in qərarına məhəl qoyulmadı

Yenilənib

Yasamal rayonunda Fövqəladə Hallar Nazirliyinin qərarlarına məhəl qoyulmur. 

Xəbər verdiyimiz kimi, Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki  148, 154 və 156 saylı yaşayış binalarının  bir qrup sakini binaların həyətindəki  ərazinin qanunsuz zəbt edilməsi ilə bağlı dövlət orqanına kollektiv şikayət etmişdilər. 

Şikayət “Basta” saytında da dərc edildikdən sonra FHN tədbir görmüşdü. Nazirliyin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları qeyd edilən ünvanda qanunsuz quraşdırılan şlaqbaumu sökmüşdülər. İdarə şikayətlə bağlı artıq tədbir görüldüyü haqda şikayətçilərə rəsmi cavab da verib.

Lakin şikayətçilərin sevinci cox sürməyib. Ertəsi gün slaqbaum yenidən quraşdırılıb. Görünür, bu ərazini zəbt edənlər, buna görə zamanında “hörmət elədikləri” şəxslərə arxalanaraq, FHN-in qərarlarına məhəl qoymurlar.

İndi sakinlər baş verənlərlə bağlı FHN-ə yenidən müraciət edib və cavab gözləyirlər.

 

***

13.05.2025

Yasamalda bir qrup sakin FHN-ə müraciət etdi – Şikayət

Binanın həyətindəki ərazi burada yaşayan bütün sakinlərə aiddir. Əgər kimsə həmin ərazidə öz avtomobili üçün qaraj, park yeri, yaxud başqa bir obyekt düzəldirsə, o, qanunsuzluq etməklə bərabər, həm də bütün qonşuların haqqına girmiş olur. Təəssüf ki. indi ölkəmizdə kiməsə “hörmət edib” binaların həyətində ərazini zəbt etmək adi hal alıb. Bir çox binaların həyətində nəinki uşaqların oynaması, hətta yanğın çıxarsa yanğınsöndürən maşınların yaxınlaşması üçün yer qalmayıb. 

Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki  148, 154 və 156 saylı yaşayış binalarının  bir qrup sakini binaların həyətindəki  ərazinin qanunsuz zəbt edilməsi ilə bağlı dövlət orqanına kollektiv şikayət ediblər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova və nazirliyin Dövlət  Yanğın Nəzarəti  Xidmətinin rəisi  Vaqif İbrahimova ünvanlanan müraciətdə bildirilir ki, qeyd edilən binaların həyətində asfalt örtüyü   özbaşına dağıdılıb, uzun  illər  vətəndaşların ümumi istifadəsində olan həyətyanı  sahə zəbt edilib və burada dəmir konstruksiyalardan və şlaqbaumdan istifadə olunaraq avtomobil  dayanacağı inşa edilib. 

Bunun qanunsuz olduğunu bildirən şikayətçilər fövqəladə halların baş verəcəyi təqdirdə xilasedicilərin binaya yaxınlaşa bilməyəcəyini vurğulayırlar. Sakinlər hüquqi  tədbirlər görülməsini və onların təhlükəsizliyinə təminat verilməsini xahiş ediblər. 

Müraciətin surəti “Basta”nın redaksiyasına təqdim edilib. 

“M.Şərifzadə 148, 154  və 156 saylı yaşayış binalarının həyətində  qanunsuz quraşdırılmış  şlaqbaumun  və dəmir konstruksiyaların   ləğv  edilməsinin həyatımızın  təhlükəsizliyinin təminatı  olaraq, sakinlər, vətəndaşlar  və  sahibkarlar olaraq  Sizdən xahiş edirik, qanunların aliliyini  əsas  tutaraq  dərhal  təxirəsalınmaz  tədbirlərin  görülməsi  üçün  göstəriş  verəsiniz” – deyə, müraciətdə bildirilir.     

Basta