Kəlbəcərə “viza rejiminə” start verildi

Elşən Əlisoy

Kəlbəcər sakinlərinin üzünə bağlı olduğu və “viza rejimi” ndən bəhrələnmək üçün mütləq Allahın yaratdığı dilsiz heyvanlara – ata, eşşəyə, qoyuna, quzuya, arıya ehtiyacları olduğu üçün yazıq kəlbəcərlilər əzizlərinin qəbirlərini ziyarət etmək naminə demək olar ki, əksəriyyəti mal – heyvan alıb. Kəlbəcərlilər, Kəlbəcərə şəxsiyyət vəsiqələri ilə yox, heyvanların siyahısı ilə gedə bilirlər.

Nəisə, bunu keçək..

“Viza rejimi” nin müvəqqəti açıq olduğu zaman da, heyvanlara minnətdən sonra, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi təlimlərdə iştirak məsələsi gəlir. Bu, öz – özlüyündə vacib və gözəl görünsə də, məsələ elə deyil. 3 – cü ildir ki, eyni təlimlərdə iştirak edilir. Heç nə dəyişməyib. Eyni söz, eyni söhbət. Məsələ maarifləndirmək məsəlsi deyil. Bu layihələrin hamısı dövlətin ayırdığı maliyyə hesabına başa gəlir və araşdıran olsa, bəlkə də, adi bu təlimlərdə adam sayının çox olmasını göstərib, yüz minlərlə vəsait silinir. Məntiqlə bu cür tərbirlər yeni köçə başlayanlarla keçirilməli deyillmi? İnsanlar hər il bu çətin zamanda uzaq rayonlardan gəlib o tədbirdə iştirak etməyə məcburdurlarmı? Kəlbəcərdə metal qoyublar ki qalsın? Hamısını daşıyıb satıblar. O ki, qaldı mina ola.

Siz təsəvvür edin ki, hər il eyni tədbirdə iştirak edən adam, bir tədbirə gələ bilməyibsə, Kəlbəcərə gedə bilməyəcək. Dəlinə şükür…

İşğaldan azad edilən torpaqlarımıza qayıtmağa mane olan və süni sürətdə yaradılan “viza rejimi” ləğv olunmalı, o torpaqların sakinlərinə öz yurdlarına maneəsiz şəkildə getmələrinə imkan verilməlidir. Kəlbəcəri dədə malı kimi yeyib, dağıdırlar, kəlbəcərliləri öz torpaqlarına qayıtmaq üçün mal – heyvana minnətçi salıblar.