Müsavat Partiyasının üç fəalı həbs edildi – Divanın bəyanatı

 

İyunun 11-də Biləsuvar Rayon Məhkəməsində Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyev barədə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə siyasi ayrı-seçkilik nümayiş etdirərək məhz müsavatçı olduqlarına görə Ələddin Ələsgərli və Cabir Vəliyevin 2 il 3 ay, Qoşqar Nuralının 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. Onlar AR Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə təqsirli biliniblər.

Cinayət işinin qaldırılmasının səbəbi Müsavat Partiyası Biləsuvar rayon təşkilatının 31 dekabr 2024-cü il tarixdə rayon ərazisindəki ictimai iaşə obyektlərindən birində Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni İl ilə bağlı bayram tədbiri keçirməsindən sonra baş verən insidentdir. Müsavat Partiyası Biləsuvar təşkilatının fəallığını  sinirə bilməyən yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilmiş, onlara qarşı cinayət işi qaldırılmışdı. Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertiza tərəfindən təsdiq edilsə də, məhkəmə, təxribatçını cərimələməklə kifayətlənmiş, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarmışdır.

Müsavat Partiyası bu hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir, Ələddin Ələsgərli, Cabir Vəliyev və Qoşqar Nuralının dərhal azadlığa buraxılmasını tələb edir.

***

Məhkəmə iclasında Müsavat Məclisinin sədri Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, vəkil Nemət Kərimli və digər partiya fəalları iştirak ediblər. 

***

Bu gün Biləsuvar rayon Məhkəməsində Müsavat Partiyasının iki Məclis üzvü Ələddin Ələskərli, Qoşqar Nuralı və partiyanın üzvü Cabir Vəliyev barədə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edəcək.

Bu haqda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində məlumat yayıb.

“Yeni il axşamı bir restoranda baş verən mübahisə nəticəsində başlayan bu məsələnin adətən olduğu kimi elə ilk mərhələdə yerli hüquq mühafizə orqanları tərəfindən həll olunmaması, barışıq cəhdlərinə məhəl qoyulmaması bu işin də arxasında xüsusi sifarişin olduğunu düşünməyə əsas verir”-deyə, Arif Hacılı vurğulayıb.