Bakıda “Birmanatlıq” taksilər ləğv olunur – RƏSMİ

Bakıda yeni exspres taksi xidməti yaradılacaq.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb: “Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən “Birmanatlıq” taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək”.

H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə “Birmanatlıq” taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur: “Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur”.

Bundan əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənilməsi sahəsində yeni konsepsiya hazırladığını elan edib.

Qurum açıqlayıb ki, taksi xidməti sahəsində “bir sıra çatışmazlıqlar mövcuddur”. BNA bəyan edib ki, bu sahədə tariflər qeyri-müəyyəndir, taksi sürücülərinin gəlirliyi aşağıdır, burda süni rəqabət var.

“Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb,”- BNA-nin yaydığı məlumatda deyilib.

Taksi xidmətinə vahid qiymət onu bahalaşdıracaqmı? Bu, bazarda dövlət inhisarı yaradacaqmı?

BBC-nin verdiyi məlumata görə, iqtisadi məsələlər üzrə şərhçi Toğrul Vəliyev deyir ki, BNA 2016-cı ildən bəri taksi xidmətində vahid tarif tətbiq edilməsini təklif edir.

“Qurum bu muraciətlə illərdir Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə müraciət edirdi. İndi bu müraciəti onu göstərir ki, BNA bu sahədə mövcud olan problemlərin həlli ilə yox, sadəcə bizneslə məşğul olmaq istəyir,” – Toğrul Vəliyev deyir.

Onun sözlərinə görə, BNA öz dispetçer xidmətlərini, tənzimləmə xidmətlərini təklif edib bazara satmaq istəyir. İqtisadçının fikrincə, vahid sistem taksi xidməti sahəsində qara bazarın yaranmasına, taksi sürücülərinin qeyri-leqal çalışmasına gətirib çıxaracaq ki, bu da narazılığı daha da artıracaq.

Basta