“AbzasMedia” jurnalistlərinə 9 ilədək həbs kəsildi

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 9 il həbs cəzası kəsilib. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Eyni hökmlə “AbzasMedia” nəşriylə bağlı cinayət işi üzrə həbsdə olan daha altı jurnalistə də ağır cəzalar verilib. Onlardan nəşrin təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) 9 il, əməkdaşı Məhəmməd Kekalov 7 il 6 ay, “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il azadlıqdan məhrum edilib.

Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası iddia edir ki, adları çəkilən jurnalistlərə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma kimi ittihamlar məhkəmədə sübut olunub.

Hökmdən öncə son sözlərini deyən jurnalistlər isə bildiriblər ki, bu ittihamların hamısı saxtadır. Onların həbsinin yeganə səbəbi jurnalist fəaliyyətləri, xüsusilə hakim ailə də daxil olmaqla, hakimiyyətdə təmsil olunan şəxslərin korrupsiya əməllərini ifşa etmələridir.