Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri zorakılıqla həbs edildi – VİDEO
Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski həbs edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, diaspor təşkilatının rəhbəri Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi saytımıza təsdiqləyib.
Diaspor təşkilatının sədrinin oğlu Mutvali Şıxlınskinin saxlanıldığı bildirilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Diaspor təşkilatının sədrinin həbsi bir daha sübut edir ki, Rusiya daxilində yaşayan azərbaycanlılara həyata keçirilən əməliyyatlar siyasi xarakter daşıyır.
Sübutlar və hüquqi əsas olmadan keçirilən əməliyyatlar, mediada yönlü anti-Azərbaycan ritorikası Moskvanın rəsmi Bakıya qarşı təzyiq vasitələrindən biri kimi qiymətləndirilir.