Müsavatdan ittihamlara cavab
Səxavət Soltanlı, Müsavat başqanının müavini
.
Bəzi tv-lər günün və məqamın ruhuna, cəmiyyətin və dövlətin maraqlarına daban-dabana zidd olan zərərli təbliğatla məşğuldur. Xüsusi ilə belə günlərdə, adı olub özü olmayan, oyuncaq partiyalarla bir siyahıda olmadığı üçün bu dövləti quran Müsavat Partiyasına qarşı aparılan çirkin kampaniya, yalan və böhtanlar durdurulmalıdır.
.
İndi heç kimin tanımadığı, mövcudluğundan və adından belə xəbərimiz olmayan partiyalarla bir siyahıda olub-olmamaq vacib deyil. Vacib olan Müsavat Partiyasının o cümlədən digər ciddi təşkilatların və şəxslərin ordumuzla, əsgərimizlə, Qarabağ və işğal olunmuş ətraf rayonlarla bağlı mövqei bugünə qədər olduğu kimi indi də doğru və birmənalıdır. Bu hər zaman da belə olacaq. Yeri gəlmişkən, son döyüşlər başlayandan dərhal sonra birmənalı bəyanatla çıxış edən ilk siyasi partiya da Müsavat Partiyası oldu.
.
Vacib olan yerli və beynəlxalq ictimaətə təsir etmək imkanları olan Müsavat Partiyasının birmənalı şəkildə ordumuzun yanında olmasını, torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərə hər cür dəstək verdiyini və daha artığını verməyə hazır olduğunu bəyan etməsidir. Vacib olan ordumuzun və əsgərimizin yanında olduğunu birmənalı bildirməsidir. Təsirli şəkildə beynəlxalq birliyə çağrışlar ünvanlamasıdır. Bunun üçün növbədənkənar partiya Divanı da toplanıb və qərarlar qəbul edib.
.
Birlik və siyasi həmrəyliyə əsl zərbə müharibə getdiyi bir məqamda dövlət üçün həlledici günlərdə diqqəti cəbhədən, ordudan yayındırıb, cəmiyyətdə bölücülük, kin və nifrət yaymaqdır. Bu dövlətin və cəmiyyətin maraqlarına zərbədir. Bu antitəbliğatın müəllif(lər)i kimdirsə, böyük bir səhvə imza atır(lar). İndi bütün diqqətlər cəbhə bölgəsinə yönəlməlidir.
.
Müsavat Partiyası birmənalı olaraq ordumuza, əsgərimizə dəstəkdir, torpaqlarımızın azadlığı üçün lazım olan bütün addımları atmağa hazırdır, bundan sonra da belə olacaq.
.
Allah əsgərimizi qorusun, ordumuzu müzəffər etsin. Şəhidlərimizin ruhu şad olsun.
.
Basta
.