Putinin bu gün vəzifədən azad etdiyi nazir ölü tapıldı
Rusiyanın bu gün vəzifədən çıxarılan nəqliyyat naziri Roman Starovoyt Odintsovoda ölü tapılıb. Bu barədə “İzvestiya” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Roman Starovoytun meyiti Odintsovo şəhər rayonundakı evində tapılıb”, – nəşrin mənbəsi bildirib. İlkin məlumata görə, Starovoyt intihar edib.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin may ayından bu vəzifədə çalışan Starovoytun istefası haqqında fərman imzalayıb.Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəqliyyat nazirinin istefasının etimadın itirilməsi ilə bağlı olmadığını bildirib.
Politoloq Boris Mejuyevin fikrincə, Starovoytun nəqliyyat naziri vəzifəsindən getməsi Kursk vilayətindəki problemlərlə bağlı ola bilər. O, 2019-cu ildə bu rayonun qubernatoru vəzifəsində çalışıb. “Mən güman edirəm ki, Kursk vilayətində Starovoyt üçün xoşagəlməz faktlar aşkarlana bilərdi, o cümlədən, ehtimal ki, onun korrupsiyada iştirakı. Görünür, yeni qubernator onun nəqliyyat naziri vəzifəsindən kənarlaşdırılmasını labüd edən hansısa faktları ortaya çıxarıb”, – deyə, politoloq ehtimal edib.
Starovoyt Kurskdandır. 1995-ci ildə Baltik Dövlət Texniki Universitetini, 2008-ci ildə isə Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasını bitirib. 2012-2018-ci illərdə Starovoyt federal yol agentliyinə rəhbərlik edib. 2018-ci ilin oktyabrında o, Rusiya Federasiyası nəqliyyat nazirinin müavini və Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən təyin edilib. 2019-cu ildə Starovoit bölgənin qubernatoru seçilib.