Əliyevlər Bodruma 500 milyon avro sərmayə qoyub – KİV
Azərbaycan prezidenti İlham Əliyevin qızlarının səhmdar olduğu “Pasha Holding” şirkəti Bodrumdakı “Mandarin Oriental” otelinə 500 milyon avro sərmayə qoyaraq obyektə şərik olub. Bu haqda Türkiyə KİV-ində məlumat yayılıb.
Halk TV xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən Pasha Holding, Muğlanın Bodrum rayonundakı ultra lüks otel olan Mandarin Oriental Bodrumun ortağı olub.
Xəbərdə deyilir:
Uzaq Şərq otellər şəbəkəsinin Türkiyədəki ilk sərmayəsi olan mülkün 50% payı təxminən 500 milyon avroya əl dəyişdirdi.
Tərəfdaşlıq ötən il “Astaş Holding”in İdarə Heyətinin sədri Vedat Aşcı və “Paşa Holding”in baş direktoru Cəlal Qasımov arasında imzalanan müqavilə ilə rəsmiləşib. Lüks kurort oteli Astaş Holdinq tərəfindən 2014-cü ildə açılıb.
Azərbaycanın ən qüdrətli ailələrindən olan Paşayevlər ailəsinə məxsus olan Paşa Holdinq bankçılıqdan tutmuş turizmə qədər bir çox sektorda fəaliyyət göstərir. Qrup Bakıda məşhur “Abşeron” otelinin sahibidir və Azərbaycan bank sisteminin üçdə birinə nəzarət edir. 2013-cü ildə Türkiyə bazarına daxil olan holdinqin 2021-ci ilin sonuna qədər aktivlərinin 9,5 milyard dollara çatdığı bildirilir.
Rəsmi sənədlərdə Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə birbaşa əlaqə göstərilməsə də, Paşa Holdinqin əsas səhmdarları arasında Əliyevin qızları Leyla və Arzu Əliyeva var.
Yeni ortaqlıq ilə iki qrupun Bodrum və ətraf bölgələrdə turizm investisiyalarını artırmağa yönəlmiş yeni layihələr üzərində çalışdıqları bildirilir.
Jurnalist Yaşar Anterin xəbərinə görə, Vedat Aşcı, ortaqlıq haqqında etdiyi şərhdə bunları söyləyib:
“Belə bir uğurlu layihənin sərmayəçisi olduğum üçün qürur duyuram. İnanıram ki, Pasha Holding ilə bu gözəl tərəfdaşlıq bizə xoşbəxtlik gətirməklə yanaşı, həm də ölkəmizə və Bodruma böyük dəyər qatacaq. Bu əməkdaşlığın bütün iştirakçılar və turizm sektoru üçün faydalı olmasını arzulayıram”.
Mənbə: Halk TV Xəbər Mərkəzi