Azər Qasımlı işi: bu cavabdan sonra məhkəmə dayandırıldı

Hazırda həbsdə olan politoloq və müxalif siyasətçi Azər Qasımlının işi üzrə məhkəmədə iştirak etdik. Prosesdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hər iki partiyanın bir qrup nümayəndəsi, ABŞ səfirliyinin nümayəndəsi, jurnalistlər və hüquq müdafiəçiləri iştirak edirdilər.

Bu gün keçirilən iclasda Azər Qasımlıya qarşı şikayət verən Qurbanəli Yusifovun ifadəsi dinlənildi. O, sərbəst ifadəsində Azər Qasımlının ona hədə-qorxu gəlməsi mövzusunda bir kəlmə də demədi, halbuki məhkəmədə ittiham bundan ibarətdir. Məhkəmənin zərərçəkən kimi tanıdığı Yusifov, çıxışı boyunca əsasən kriptovalyuta birjasında Azər Qasımlı ilə əməkdaşlığı və aralarında yaranan mübahisədən danışdı. Başqa sözlə, onu dinləyənləri inandırmağa çalışdı ki, Azər Qasımlıya borcu yoxdur.

Sonra hakim Telman Hüseynov Qurbanəli Yusifova suallar verərək, onu “Azər Qasımlının təhdidləri və hədə-qorxuları” mövzusuna yönəltməyə çalışdı. Yusifov dedi ki, ailəmlə, övladımla təhdid olunmuşam. Amma nə hakimlər, nə də dövlət ittihamçısı çoxsaylı suallar vermələrinə baxmayaraq, təhdidin hansı üsulla və konkret olaraq necə, nə vaxt, harada olması barədə Yusifovdan onları qane edəsi bir ifadə ala bilmədilər.

Sonra prokuror Yusifovdan, onun Azər Qasımlıdan başqa kiminsə tərəfindən təhdid olunub-olunmadığını soruşdu. Yusifov dedi ki, nə Samirə Qasımlı (Azər Qasımlının xanımı), nə də başqası onu təhdid edib. Bu zaman prokuror istintaqa verilən ifadə ilə bu ifadə arasında ziddiyyətlərin olduğunu bildirərək, zaldakıların aydın eşidə bilmədiyi səslə hansısa vəsatət qaldırdı. Və hakim qəfildən həmin vəsatəti təmin edərək məhkəmə iclasını dayandırdı.

Hamı gözləyirdi ki, Yusifovun ifadəsindən sonra Azər Qasımlı və vəkilləri – Aqil LayıcRövşanə Rəhimli ona suallar verəcəklər. Məsələn, soruşacaqlar ki, Yusifovun borcu yoxdursa, o niyə borcu olduğunu yazıb? Niyə Mingəçevir məhkəməsi borcun olduğu barədə qətnamə çıxarıb? Borcu yox idisə, niyə onun bir hissəsini – 4 min dollarını qaytarıb? Əgər təhdid olunmuşdusa, niyə bu barədə elə o vaxt – 2022-ci ildə şikayət etməyib və yalnız 2024-cü ilin sonunda iddia qaldırıb? Amma hakim bu sualların səslənməsinə imkan vermədi.

Məhkəmənin növbəti iclası 40 gün sonraya – 8 sentyabr saat 16-ya təyin olundu.

Mustafa Hacıbəyli