Azərbaycanın bütövləşmə doktrinası: Dərbənd İttifaqı

Xəqani Cəfərli

Bölünmüş və dövlətləri olmayan xalqların böyük əksəriyyəti “bir xalq, bir vətən” doktrinası ilə bütövləşməyə çalışır. Belə toplumları hərəkətə gətirən, bir və ya bir neçə təşkilat ətrafında birləşdirən əsas ideya öz müqəddəratını təyin etmə, istiqlaliyyət arzusudur.

Bölünmüş xalqların əksəriyyətindən fərqli olaraq Azərbaycan xalqı (Azərbaycan türkləri) dövlətsiz deyil. Azərbaycan Respublikasının varlığı, İranda dövlət hakimiyyətində azərbaycanlıların geniş təmsil olunmaları fərqli vəziyyət yaratdığı üçün Azərbaycan xalqının bütövləşmə doktrinası da fərqli olmalıdır. Qənaətimcə, Azərbaycan xalqı “Bütöv dövlət (vətən), bütöv xalq” doktrinası əsasında bütövləşməlidir. Bunun üçün ilk öncə İranda yaşayan soydaşlarımız İranın son millik tarixinin Azərbaycan xalqının adı ilə bağlı olmasına baxmayaraq İranın Azərbaycan xalqının doğma dövləti olmadığı gerçəkliyini qəbul etməlidirlər. İranın son minillik tarixi Azərbaycan xalqının şanlı tarixdir və bu şübhə altına altına bilməz. Ancaq bu nə qədər şanlı tarix olsa da, keçmişdir və gələcyi yoxdur.

İran toplumunu formalaşdıran digər xalqların (Bəluclar, kürdlər və ərəblər) öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparmaları da göstərir ki, İranın gələcəyi yoxdur. İranın gələcəyinin olmadığını göstərən digər önəmli məqam şiə məzhəbinə əsaslanan dini üst kimliyin dağılmasıdır. Bu məsələyə “Teokratik rejimin yaşamaq şansı varmı?” başlıqlı məqalədə geniş aydınlıq gətirdiyim üçün burada geniş bəhs etmirəm. İranın gələcəyini şübhə altına alan xarici faktorlardan “İran ətrafında geosiyasi vəziyyət” məqaləsində ətraflı toxunduğum üçün bu məqama burada toxunmağa ehtiyac görmürəm.

Gələcəyi olmayan dövlətə bağlı qalmaq özünün gələcəyini təhlükəyə atmaq deməkdir. Təəssüf ki, Güney Azərbaycanın siyasi və hərbi elitası hələ də böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yanğı ilə qeyd etdiyi kimi İranı azad, abad etməyi özünün vəzifəsi hesab edir. Aydın görünür ki, Güney Azərbaycanın siyasi və hərbi elitası böyük Şəhriyarın “Azərbaycan” şeirində ürək yanğısı ilə qeyd elədiyi kimi Azərbaycan igidlərinin İran üçün şəhid olmaqda davam etməsinin əleyhinə olmadıqları kimi, hətta bunu təşviq də edirlər. İsrailin hərbi müdaxiləsi zamanı öldürülən generalların əksəriyyətinin yerinə azərbaycanlı generalların təyin edilməsi bunun sübutudur. Halbuki, ustad Şəhriyarın qeyd etdiyi kimi igidləri İran üçün şəhid olan Azərbaycan İrandan dərddən, qəmdən başqa heçə almayıb. Bu mənhus aqibət bu gün də davam edir. Əgər belə olmasaydı, İran toplumunun ən böyük kəsimi olan Azərbaycan türkləri ana dillərində təhsil almaq kimi ən təbii hüquqdan məhrum edilməz, Güney Azərbaycanın ayrılmaz parçası olan Urmiyada kürdləşmə həyata keçirilməzdi. İran üçün bu gün də ölməkdə davam edən Azərbaycan xalqı ən azı bu iki məsələyə görə İranın doğma dövlət olmadığı gerçəkliyini qəbul etməlidirlər. Güney Azərbaycandakı soydaşlarımız anlamalı və qəbul etməlidirlər ki, ustad Şəhriyarın vurğuladığı kimi Azərbaycanın məlhəmi, dərmanı azadlıqdır.
Azərabyacın böyük lideri Məhəmməd Əmin Rəsulzadənin müəyyən etdiyi kimi, “Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Elə bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olması məqəsdilə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanması üçün başlatdığı şanlı bir mücadilə deməkdir. Azərbaycançılıq, eyni zamanda, bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlıdır”.
Azərbaycan milli istiqlal hərəkatının liderlərindən biri olan Şeyx Məhəmməd Xiyabaninin dediyi kimi, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və fəaliyyəti olmaz!”.

İranda yaşayan hər bir soydaşımız “azadlıq, ədalət və milli hökumət” sevdasının gerçəkləşməsinin Güney Azərbaycanın istiqlalına bağlı olduğuna inandığı an İran İslam Respublikası dağılmağa başlayacaq və bu prosesi heç bir güc dayandıra bilməyəcək.

İsrailin İrana müdaxiləsi zamanı yaşanan proses göstərdi ki, güneyli soydaşlarımızın böyük hissəsi də siyasi və hərbi elita kimi İranlı siyasi kimliyindən imtina etməyib. Güney Azərbaycandakı soydaşlarımız “iranlı” üst kimliyindən imtina edərək türk etnik alt kimliyi üzərində üst Azərbaycanlı milli-siyasi kimliyini formalaşdırsaydılar, İranın bir dövlət kimi tarixin səhnəsindən çıxması prosesi başlamış olardı.

Güney Azərbaycanın İrana sahib çıxması İran İslam Respublikası adlı çağdaşlığın düşməni bir təsisatın varlığını sürdürməsini təmin edir. Bütün bunlara son vermək üçün Azərbaycan xalqını “Dərbənd İttifaqı” adını verdiyim “Bütöv dövlət (vətən) , bütöv xalq” doktrinası ilə hərəkətə gətirmək lazımdır. Ustad Şəhriyar Azərbaycanı övladlarının tərki-vətən olmaması üçün əl-ələ verərək üsyan eləməyə, oyanmağa çağırmışdı. Bu gün isə bölünmüş Azərbaycanın hansı tayında yaşamasından asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlının vəzifəsi güneyli-quzeyli Azərbaycanı bütövləşmək üçün “Dərbənd İttifaqı”nda birləşməyə çağırmaq olmalıdır.

Azərbaycan xalqının bütövlük doktrinasını nə üçün “Dərbənd İttifaqı” adlandırdığıma növbəti yazıda aydınlıq gətirəcəm.