Tramp Vaşinqtonda İlham Əliyev və Paşinyanla görüşəcək
ABŞ Prezidenti Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək.
Modern.az-ın məlumatına görə, Ağ Evdən “Bloomberg” agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub.
Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.
Ardınca isə Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Azərbaycanla Ermənistan liderlərinin birgə bəyanat imzalayacağı barədə xəbərlər yayılıb.
***
Vaşinqtonda bu həftə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq. Bu haqda “Azadlıq” qəzeti yazıb.
ABŞ Konqresinin aşağı palatasının üzvü, ABŞ Helsinki Komissiyasının həmsədri Co Vilson X platformasında belə tvit atıb:
“Donald Tramp kimi sülhməramlı prezident heç vaxt olmayıb
• Konqo və Ruanda
• Tayland və Kamboca
• Pakistan və Hindistan
Və tezliklə Azərbaycan və Ermənistan”.
Bu o deməkdir ki, Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir.
Bir gün əvvəl bu həftənin cümə günü Vasinqtonda Trampın Əliyevi və Paşinyanı qəbul edəcəyi haqqında xəbər yayılmışdı.
Paşinyanın Əliyevlə bu həftə ABŞ-da görüşəcəyi barədə məlumatlar Ermənistan mediasında da geniş yayılıb. Rəsmi Yerevan məlumatı nə təsdiq, nə də təkzib edib.