Mustafa Hacıbəylinin evi əlindən alına bilər
Müsavat Partiyası Mətbuat xidmətinin rəhbəri, basta.info saytının rəhbəri Mustafa Hacıbəylinin mənzili əlindən alına bilər. Bu barədə o özü məlumat verib.
M.Hacıbəyli bildirib ki, bu gün, sentyabrın 10-da Bakı Apellyasiya Məhkəməsi “Yelo Bank”ın (keçmiş “Nikoil Bank”) iddiası ilə bağlı qərardan şikayətə baxıb. Onun deməsinə görə, məhkəmə bankın xeyrinə qərar verib: “2008-ci ildə yaxın dostum, tələbə yoldaşım çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası (çıxarış) olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. “Nikoil Bank”ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim”.
Onun vurğulamasına görə, bankdan 2008-ci ildə götürülən 33 min 540 manat borcun müqabilində banka 60 min manata yaxın pul ödənilib: “Auditorlar Palatasının iş üzrə rəsmi rəyinə görə, kredit artıqlaması ilə ödənilib. Amma Apellyasiya Məhkəməsi auditorun rəyini yox, Ədliyyə Nazirliyi ekspertinin bankın xeyrinə olan rəyini əsas götürdü. Banka daha 37 min dollar ödəmək üçün evimin açıq hərraca çıxarılması barədə qərar verdi”.
İkinci Qarabağ müharibəsi iştirakçısı olan M.Hacıbəyli məhkəmənin qərarını sifarişli sayır: “Möcüzə baş vermədi. Elə bu məhkəmələrin sifarişli qərarları, saxta ekspert rəyləri sayəsində Azərbaycanda yüzlərlə siyasi məhbus var, onlarla jurnalist şərlənərək həbs edilib”.
Bununla belə, Hacıbəyli vurğulayıb ki, mübarizəsini axıra kimi davam etdirəcək: “Qarşıda hələ Ali Məhkəmə var”.
“Yelo Bank”ın və başqa aidiyyəti qurumların bu qərara münasibətini öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə sifarişli qərarların verilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.
Həmin bank bundan illər əvvəl bu məsələ ilə bağlı Suraxanı rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ən nəhayətində bank iddianın təmin edilməsinə nail olmuşdu. Daha sonra isə məhkəmənin qərarından apellyasiya şikayəti verilmişdi.
AzadlıqRadiosu