Arif Hacılı: “Qarabağlıları Qarabağa buraxan var ki?!”

 Məcburi köçkünlərə qarşı son günlərdə güclənən kampaniya təsadüfi hadisə deyil.

Ərazilərimizin işğaldan azad edilməsinin 5 illiyi yaxınlaşır.
Köçkün probleminin indiyədək tam həll olunması üçün kifayət qədər zaman keçib.

Yetərli maliyyə imkanlarımız da olub.
Bircə onu demək kifayətdir ki, ötən il Neft Fondumuza daxil olan vəsaitlərin həcmi 22 mlrd. dollara yaxındır.

Bərpa işlərinə dövlət büdcəsindən artıqlaması ilə maliyyə vəsaitləri də ayrılıb.

Amma bu müddət ərzində nəinki köçkün problemi həll olunmayıb, hətta hakimiyyətin vəd etdiyi işlərin heç yarısı da yerinə yetirilməyib.

İndiyədək 140 min köçkünün öz ata-baba yurdlarında məskunlaşdırılacağı vəd edilsə də, Qarabağa qaytarılmış köçkünlərin ümumi sayı 15 min nəfər civarındadır.

Köçkünlərə “Niyə Qarabağa qayıtmırsınız?” sualını verənlərə mənim də sualım var:
Qarabağlıları Qarabağa buraxan var ki?!
Məşhur müğənninin həbsini unutmusunuz?

Nəinki sadə qarabağlıların, 30 il dövlət büdcəsindən maaş almış idarə strukturları nümayəndələrinin, İcra Hakimiyyəti başçılarının belə işğaldan azad edilmiş ərazilərə getməsinə icazə verilmir.

Məcburi köçkünlər Azərbaycanın bütün kənd rayonları əhalisinə aid olan torpaq islahatından — torpaq payı, həyətyanı sahə almaq, öyrəşdikləri, doğma olan, həsrətini çəkdikləri öz kəndlərində yurd salmaq, istədikləri kimi ev tikmək hüququndan məhrum edilib.

Məcburi köçkünlərə qarşı son günlərdə güclənən kampaniya təsadüfi hadisə deyil.

İndi Qarabağın bəzi bölgələrində çox ehtiyatla da olsa lokal etirazlar başlayıb. Hakimiyyət 5 il ərzində xərclənən fantastik maliyyə vəsaitlərinə rəğmən köçkün probleminin qismən də olsa həll edilmədiyinin və bunun cəmiyyətdə ciddi narazılıq doğurduğunun fərqindədir.

Məcburi köçkünlərə qarşı çıxışların artıq kampaniya halını almasının əsil səbəbi budur.

Biz qarabağlılara görə məhrumiyyətlərə düçar olduq, deyənlərin nadanlığı heyrət doğurur.
Vətən torpağı yalnız hər-hansı ərazinin sakinlərinə yox, dövlətin bütün əhalisinə aiddir.

Əlbəttə, 30 illik işğal dövrü hər birimiz üçün ağrılı, acılı olub.

Amma əgər hər kəs bu acıları zaman-zaman yaşayıbsa, məcburi köçkünlər anbaan yaşayıb…

Yazı Müsavat Partiyasının Məclis Sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.