Azər Qasımlı işi: Hakim vəkilin vəsatəti oxumasına imkan vermədi
Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində politoloq və müxalif siyasətçi Azər Qasımlıya qarşı ittiham üzrə növbəti məhkəmə iclası keçirildi.
İclasda istintaqın zərərçəkən kimi tanıdığı Qurbanəli Yusifov Azər Qasımlının və onun vəkilləri Aqil Layıc və Rövşanə Rəhimovanın suallarını cavablandırdı.
Hakim Telman Hüseynov faktiki olaraq Qurbanəli Yusifovun vəkili kimi çıxış edirdi. O vəkillərin suallarını çıxarır, bəzən hətta “zərərçəkənin” əvəzinə cavab verirdi.
Buna rəğmən vəkillər Qurbanəli Yusifovun ifadələrinin yalan olduğunu sübut etdilər.
Q.Yusifov öz ifadələrində tanımadığı şəxsin vaxtıyla ona Türkiyə nömrəsi ilə zəng vurduğunu, Azər Qasımlıya olan borcunun təcili qaytarmasını tələb və təhdid etdiyini söyləyib. Lakin o, istintaqa verdiyi birinci ifadəsində zəng vurulan vaxt Antalyada olduğunu, ikinci ifadəsində isə Bakıda olduğunu deyib. Hakimin verdiyi hərtərəfli dəstəyə baxmayaraq Qurbanəli Yusifov bu ziddiyətin səbəbini izah edə bilmədi.
Həmçinin məlum oldu ki, Qurbanəli Yusifov ona zəng edilən nömrənin skrinşotunu istintaqa təhvil verdiyini söyləsə də, istintaq materilları arasında belə bir nömrə mövcud deyil.
Hakim vəkil Rövşanə Rəhimovanin yalan ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatətini nəinki təmin etmədi, hətta onu sona qədər oxumasına belə imkan vermədi.
Növbəti proses 1 oktyabr saat 16:30-da Azər Qasımlının ifadəsi ilə davam edəcək.
Azər Qasımlı 8 dekabr 2024-cü ildə saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Mustafa Hacıbəyli