ABŞ senatoru Azərbaycanda həbsdə olan 3 jurnalistə məktub göndərib
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Cinn Şehin (Jeanne Shaheen) Azərbaycanda həbsdə haqsız saxlanan, o cümlədən onun ölkəsi ilə əlaqələri olan şəxsləri azad etməyə çağırır. O bunu ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin tərkib hissəsi kimi görmək istəyir.
Senator ötən ay əməkdaşlarına göstəriş verib ki, Bakıya məktublar aparsınlar. Məktublar AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralizadəyə, “Amerika Səsi”nin keçmiş müxbiri Ülviyyə Quliyevaya (Əli) və hüquqşünas, IREX və Internews təşkilatlarında layihə rəhbərinin müavini olmuş Ələsgər Məmmədliyə ünvanlanıb. C.Şehin bu təşəbbüsü Ermənistan-Azərbaycan sülh prosesində son irəliləyişlərdən sonra gerçəkləşdirib. Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında əməkdaşlığı gücləndirməyi hədəfləyən yeni Anlaşma Memorandumları imzalanıb.
Məktublarda senator ABŞ qurumları ilə sıx əlaqələri olan bu üç şəxsin azad olunmasına çalışdığını bir daha vurğulayıb, yaxın zamanda onları ABŞ Senatında qarşılaya biləcəyinə ümidini bildirib.
Senator Azərbaycanın Ermənistanla sülhə sadiqliyini alqışlayır, bu fürsətin ABŞ-Azərbaycan münasibətlərində daha güclü tərəfdaşlığa yol açmasına dair Administrasiyanın fikrini bölüşdüyünü bildirir. O qeyd edir ki, Konqresdə bu münasibətlərdə yeni mərhələnin mümkün olduğunu düşünürlər.
“Ancaq haqsız həbs olunmuş şəxslərin, o cümlədən Fərid, Ülviyyə və Ələsgərin azadlığa buraxılması, onların ailə üzvlərinin, məsələn, Nərgiz Muxtarovanın hədəfə alınmasının dayandırılması da bu mərhələyə daxil olmalıdır. Yeganə ‘cinayəti’ ABŞ ilə əməkdaşlıq olan bu şəxslərin təqib olunması bu tərəfdaşlığın ruhuna uyğun deyil. Konqres, Strateji Tərəfdaşlıq haqqında yeni Anlaşma Memorandumunun gerçəkləşdirilməsində mühüm rol oynayacaq. Bu prosesi dəstəkləməyə hazıram. Amma bir çox həmkarım və mən insan hüquqları sahəsində real irəliləyiş görmək istəyirik. Həm birgə rifahımızı, həm də fundamental azadlıqlara dair ortaq öhdəliyimizi necə irəli aparacağımız barədə Azərbaycan hökuməti ilə davamlı dialoqu səbirsizliklə gözləyirəm”, – senator qeyd edir.
“Qızınız mübarizənizi qiymətləndirəcək”
Fərid Mehralızadəyə məktubunda senator qeyd edir ki, onun haqsız həbsi daxil olmaqla siyasi məhbusların müdafiəsi ondan ötrü şəxsi prioritetdir.
“Deutsche Welle “iqtisadiyyatı izah etmək bacarığınızı” supergücünüz adlandırıb. “Voice of America” jurnalistikaya həvəsinizdən, həbsdə vaxtınızı kitab oxumaq və krosvord həll etməklə keçirməyinizdən yazıb.
Çətin vaxtlarda belə, haqsız həbsinizdən maksimum faydalanmağınızı alqışlayıram. Uşağınız dünyaya gələndə onun yanında ola bilməməyinizin acısını təsəvvür edə bilmirəm. Amma bilirəm ki, zaman keçdikcə qızınız Azərbaycanda həqiqət uğrunda mübarizənizi qiymətləndirəcək”, – məktubda deyilir.
Senator AzadAvropa/AzadlıqRadiosunun Fəridin azadlığa çıxması üçün çox çalışdığını, özünün də bu kampaniyaya dəstəyi davam etdirəcəyini yazır.
“Əminəm ki, bir gün sizi Senatda qarşılayıb azadlığınızı bayram edəcəyik. O vaxtadək güclü qalın və unutmayın ki, cəsarətiniz diqqətdən kənar qalmır.
Mən işinizə işıq tutmağa, azadlığınız üçün mübarizə aparmağa davam edəcəyəm”, – senator vurğulayır.
Fərid Mehralızadə hazırda “AbzasMedia” korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə 9 il həbs cəzası çəkir. O, qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmirlər, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. İqtisadçının həyat yoldaşı Nərgiz Muxtarova isə QHT-lərə qarşı cinayət işi üzrə təqsirləndirilir.
“Həqiqətə sadiqliyinizi vurğulamısınız”
“Beynəlxalq ictimaiyyət haqsız həbsiniz öncəsi yazdığınız qeydi görüb, orada peşə etikası və həqiqətə sadiqliyinizi vurğulamısınız. Ananız isə hekayənizi The Washington Post qəzetinə danışıb”, – senator jurnalist Ülviyyə Əliyə yazır.
Daha sonra C.Şehin “Amerikanın Səsi”nin son aylar üzləşdiyi çətin durumdan bəhs edir, bu media qurumu və onun cəsur jurnalistlərinin müdafiəsi üçün həmkarları ilə birlikdə çalışdığını qeyd edir.
“Amerikanın Səsi” bu ilin martında fəaliyyətinin dayandırılmasını məhkəmədə mübahisələndirib. Amma radionun vebsaytı martın 15-dən bəri yenilənməyib.
Ülviyyə Əli “MeydanTV” işi üzrə saxlanılıb və qaçaqmalçılıqda ittiham olunub. Özü “MeydanTV” ilə əməkdaşlıq etmədiyini, məhz jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir. Hazırda bu iş üzə 11 nəfər həbsdədir. Onlar da qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq və digər maddələrlə ittiham olunurlar. Özləri ittiahmları rədd edirlər.
“Karyeranız həqiqətə sadiqliyininizi göstərir”
Hazırda məhkəmə prosesi gedən “ToplumTV”nin qurucusu Ələsgər Məmmədliyə məktubunda isə senator C.Şehin onun Internews və IREX kimi nüfuzlu qurumlarda işləyərək azad mətbuatın önəmini təbliğ etdiyini, həmçinin ATƏT kimi beynəlxalq qurumlarla çalışdığını vurğulayır.
“Karyeranız həqiqətə sadiqliyinizi göstərir. Bu isə demokratiyanın əsas komponentidir. Həbsdə ciddi sağlıq problemlərindən əziyyət çəkdiyinizi bilirəm. Ümid edirəm ki, sizə gərəkən tibbi yardım göstəriləcək, tezliklə sevdiklərinizə qovuşacaqsınız”, – senator yazır.
“ToplumTV” ilə bağlı cinayət işi üzrə hazırda daha 8 jurnalist və fəalın məhkəməsi gedir. Onlar qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunurlar. İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs olunmadığını vurğulayır və iddia edirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
AzadlıqRadiosu