Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı bərpa edir

 

Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment, CPT) nümayəndə heyəti ölkənin dövri icmalı çərçivəsində sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycanda səfərdə olub. Bu, ötən ilin yayında CPT nümayəndə heyətinin ölkəyə girişindən imtina edilməsindən sonra ilk missiyadır.

2024-cü ilin iyulunda CPT Azərbaycan hakimiyyətinin bu struktur ilə əməkdaşlıq etməkdən imtina etdiyini bildirib və 2022-ci ildə Azərbaycana xüsusi səfəri barədə hesabatı dərc edib.

38 səhifəlik sənəddə deyilir ki, Komitə nümayəndə heyəti “cinayət törətməkdə şübhəli bilinərək hazırda və ya bu yaxınlarda polisdə saxlanılan şəxlərə qarşı amansız fiziki rəftar/işgəncə ilə bağlı çoxsaylı məlumat alıb”.

Bu bəyanat rəsmi Bakının etirazına səbəb olub və hesabatın onun razılığı olmadan dərc edilməsindən narazı qalıb. CPT nümayəndələrinin hazırkı səfərində əsas məqsəd hüquq-mühafizə orqanlarında və penitensiar müəssisələrdə saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini öyrənmək olub. https://www.coe.int/en/web/cpt/-/council-of-europe-anti-
torture-committee-cpt-carries-out-a-visit-to-azerbaijan-1
Nümayəndə heyəti həmçinin psixiatrik müəssisələrdə saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti və onlara verilən hüquqi zəmanətlər ilə tanış olub. Bu səfər həmçinin əvvəlki səfərlərin yekunları üzrə CPT-nin tövsiyələrinə cavab olaraq Azərbaycan hakimiyyətinin qəbul etdiyi tədbirlərlə tanış olmağa imkan verib.
Səfər zamanı nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, səhiyyə nazirinin müavini Nadir Zeynalov və sözügedən qurumların digər rəhbər əməkdaşları ilə məsləhətləşmələr aparıb.

Bundan əlavə, Baş Prokurorluqda, Polis Akademiyasında və Azərbaycan insan hüquqları müvəkkili (ombudsman) aparatında Milli Preventiv Qrupun (işgəncələrin qarşısının alınması üzrə) üzvlərilə görüşlər keçirilib.

Nümayəndə heyətinin üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanalarında, həmçinin Bakının 5 rayonunda, Gəncə və Yevlax şəhərlərində polis idarələrində
olublar.

Bundan əlavə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki təcridxanasında, üç psixiatriya xəstəxanasında monitorinq aparıblar.

Səfərin sonunda nümayəndə heyəti öz müşahidələrini Azərbaycan hakimiyyətinə təqdim edib.

Əlbəttə ki, bir il yarımdan sonra CPT nümayəndə heyətini Azərbaycana buraxmaq Azərbaycan və Avropa Şurası arasında münasibətlərin mülayimləşməsi əlamətidir.
AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə dayandırdıqdan sonra Azərbaycan və Avropa Şurası arasında münasibətlər kəskin şəkildə pisləşdi.

Düzdür, səsvermədən əvvəl Azərbaycan nümayəndə heyəti özü bildirdi ki, AŞPA- da fəaliyytini dayandırır və Bakının Qarabağda antiterror əməliyyatı keçirməsilə bağlı qurumu qeyri-obyektiv mövqedə ittiham etdi.

Həqiqətən, 2023-cü ildə payız sessiyasında AŞPA ölkənin öz ərazi bütövlüyünü bərpa etməsilə bağlı Azərbaycanın ünvanına haqsız tənqid və “etnik təmizləməyə” dair əsassız ittihamlar səsləndirdi.

Bundan sonra Avropa Şurasının o zamankı insan hüquqları komissarı Dunya Miyatoviç Qarabağa buraxıldı və onun yekun hesabatı balanslı xarakter daşıyırdı.

Belə görünürdü ki, 2024-cü ildə AŞPA-nın qarşıdakı yanvar sessiyasında Azərbaycanın ünvanına mənfi münasibəti zərərsizləşdirmək mümkün olacaq.

Ancaq Bakının 2024-cü ilin fevralında növbədənkənar prezident seçkilərinə AŞPA müşahidə missiyasını dəvət etməkdən imtina etməsi Bakının ünvanına yeni tənqid dalğasına, assambleyanın Azərbaycan nümayəndə heyətinə qarşı sanksiya tətbiq
etməsinə səbəb oldu.

Bundan sonra Azərbaycan demək olar ki, Avropa Şurası ilə bütün layihələri dondurdu, hətta Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını dayandırdı.

Sonradan CPT nümayəndə heyətinin ölkəyə buraxılmaması qərara alındı.

Bundan əlavə, Azərbaycan hakimiyyəti Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs vermiş 74 AŞPA deputatına qarşı viza sanksiyaları tətbiq etdi. Onların çoxu COP-29 iqlim konfransında iştirak etmək niyyətində idi, ancaq gələ bilmədi. Lakin Avropa Şurasının baş katibi Alen Berse
gəldi və prezident İlham Əliyevlə görüşdü. Bundan sonra Berse və Əliyev bir neçə görüş keçirdi.

Bu fonda CPT heyətinin hazırkı səfəri xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın güc qurumları saxlanma yerlərində işgəncə faktlarını heç zaman qəbul etmirlər və bu sahədə istənilən tənqidi rədd edirlər.

Lakin bu dəfə Bakı əməkdaşlığa hazır olduğunu nümayiş etdirib və CPT nümayəndələrini demək olar ki, Bakının rayonlarında, o cümlədən Gəncədəki bütün istintaq təcridxanalarına, müvəqqəti saxlama təcridxanalarına buraxıb.

Yəqin ki, Azərbaycan və Avropa Şurası arasında münasibətlərdə nəzərəçarpacaq yaxşılaşma “yeni geosiyasi reallıqlar” və ümumilikdə Bakı ilə Qərb arasındakı münasibətlərin mülayimləşməsilə əlaqəlidir.

Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Vaşinqtonun siyasətində insan hüquqları mövzusu ikinci plana keçdi. Avropa İttifaqı da Avropa Komissiyasının tərkibindəki dəyişiklikdən sonra Ukraynaya daha çox diqqət ayırmağa və tərəfdaşları ilə münasibətlərini onların Rusiya-Ukrayna münaqişəsilə
bağlı mövqeyi prizmasından nəzərdən keçirməyə başladı.
Digər tərəfdən, rəsmi Bakı Tramp administrasiyası ilə sıx əlaqələr quraraq və Ermənistanla sülh müqaviləsini paraflayaraq kollektiv Qərblə münasibətlərin yaxşılaşmasına nail oldu. Avropanın Rusiya neft və qazından getdikcə daha çox imtina etməsi fonunda Azərbaycanın enerji resurslarının təchizatçısı kimi rolu
Bakının mövqeyini daha da gücləndirdi. Qərbin gözündə Azərbaycanın nüfuzunun artmasına Ukraynaya humanitar və enerji yardımının artması da təsir göstərdi.

Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi ilə əlaqədar Azərbaycanın Qərbin dəstəyinə daha çox ehtiyacı oldu.
Buna görə də Azərbaycanın Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməsi üçün Avropa Şurası strukturlarında tam iştirakını bərpa etməsi vacibdir, çünki bunlar
olmasa, Avropa İttifaqı ilə tərəfdaşlıq məhdud olacaq.
Neft hasilatının və ölkənin gəlirlərinin azalması fonunda Bakının xarici kreditlərə daha çox ehtiyacı olacaq. Bunun mənbəyi isə Qərb maliyyə institutlarıdır.

Ola bilsin ki, 2026-cı ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA-ya qayıtsın. Düzdür, bundan ötrü hakimiyyət öz öhdəliklərinin icrasına sadiq olduğunu nümayiş etdirmək üçün bir neçə addım atmalı olacaq. CPT nümayəndə heyətinin ölkəyə buraxılması yetərli deyil. Digər bir tədbir siyasi məhbuslar
qrupunun azad edilməsi ola bilər. Bu, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpasına tərəfdar olanların mövqeyini gücləndirəcək.

Digər tərəfdən, assambleyadakı praqmatiklər başa düşürlər ki, “həddən artıq prinsipiallıq” təşkilat sıralarının azalmasına səbəb ola bilər. Ukraynaya təcavüzə görə Rusiya Avropa Şurasından çıxarılıb.

Azərbaycanla yanaşı, Gürcüstan nümayəndə heyətinin də səlahiyyətləri dayandırılıb.

Sonrakı “cəza tədbirləri” Avropa Şurası iştirakçılarının sayının Avropa İttifaqına bərabər olmasına səbəb ola bilər, o zaman sual yaranır: Avropa Şurası lazımdırmı?

Sözsüz ki, təşkilat bürokratiyası Avropa Şurasını saxlamaq üçün hər şeyi edəcək. Əlbəttə ki, nəzərdə tutulan “kompromislər” Azərbaycanda həqiqi demokratiya tərəfdarlarının istədikləri deyil.
Lakin mövcud geosiyasi reallıqlarda əməkdaşlığın bərpası və Bakı ilə Strasburq arasında dialoqun olması heç olmamaqdan daha yaxşıdır.

Hər halda, belə bir ssenari ilə AİHM qərarlarının hökumət tərəfindən icrasının bərpasını, ölkədəki ümumi siyasi atmosferin yumşalmasını, siyasi məhbusların tədricən azad edilməsini, müstəqil vətəndaş cəmiyyəti instititlarının və azad
medianın fəaliyyəti üçün ən azı minimal şəraitin yaradılmasını gözləmək olar.

Turan