İrana hücumla bağlı Müsavatdan prinsipial mövqe

 

Martın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıdakı “Ana fəryadı” abidəsini ziyarət ediblər. Həmin gün Müsavatın müvafiq yerli təşkilatlarının təmsilçiləri SumqayıtŞəki şəhərlərində, eləcə də İsmayıllı, Cəlilabad və digər rayonlarda Şəhidlərin məzarlarını və xatirə komplekslərini ziyarət ediblər.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 21 il ötdü. Martın 2-də Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı jurnalistin məzarını ziyarət ediblər. Tədbirdə partiya başqanı İsa Qəmbər çıxış edib, qətlin sifarişçiləri və icraçılarının məsuliyyətə cəlb olunmasını tələb edib.

İclasda həbsdə olan ictimai-siyasi fəallara və jurnalistlərə qarşı təzyiqlərin artması pislənilib. Qeyd edilib ki, mühacirətdə olan fəalların Vaşinqtonda keçirdiyi aksiyadan sonra təcridxanalarda siyasi məhbuslara qarşı əlavə məhdudiyyətlər tətbiq edilib. Bu təzyiqlər çərçivəsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublu əsassız olaraq karserə salınıb və o, növbəti dəfə aclıq aksiyasına başlayıb. Müsavat Partiyası siyasi məhbuslara qarşı təzyiqlərə son qoyulmasını, onların azadlığa buraxılmasını tələb edir.

Ötən həftə Ali Məhkəmə Müsavatın Divan üzvü Mustafa Hacıbəylinin mənzilinin əlindən alınaraq hərraca çıxarılmasını nəzərdə tutan qanunsuz məhkəmə qərarını qüvvədə saxlayıb. Məhkəmə “Yelo Bank”dan” götürülən kreditin artıqlaması ilə ödənildiyi haqda Auditorlar Palatasının rəyinə məhəl qoymayaraq,  bankın əsassız iddiasını təmin edib. Divan bu qərarı ölkədə müxalifətə qarşı təzyiqlərin və ayrı-seçkiliyin tərkib hissəsi kimi qiymətləndirib. Bildirilib ki, məhkəmə orqanları bu tip çəkişmələrdə bir qayda olaraq bankların xeyrinə qərarlar qəbul edir, bununla vətəndaşların mülkiyyət hüququnu kobud şəkildə pozurlar.

ABŞ və İsrailin İrana hərbi hücumu müzakirə edilib. Müsavat Partiyası bölgədə sülh və əminamanlığın bərqərar olmasına, münaqişənin beynəlxalq hüquq əsasında diplomatik danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir diktaturanın başqa diktatura ilə əvəzlənməsinə yox, İran vətəndaşlarının öz taleyini müəyyən etməsinə, ölkədə azad cəmiyyətin və demokratik idarəçiliyin formalaşmasına şərait yaradılmalıdır. Müsavat Partiyası eyni zamanda İranda yaşayan on milyonlarla soydaşımızın təhlükəsizliyinin təmin edilməsini zəruri sayır, Türkiyə və Azərbaycan hakimiyyətlərini milli maraqların təmin edilməsi istiqamətində gərəkən addımlar atmağa çağırır.

Sonda cari məsələlər müzakirə edilib.