İran qonşu dövlətləri niyə atəşə tutur – Təhlil
Arif Hacılı, Müsavat Partiyası Məclisinin sədri
ABŞ, İsrail–İran müharibəsi ilə əlaqədar ən çox müzakirə olunan məsələlərdən biri də İranın qonşu dövlətlərin ərazisinə endirdiyi zərbələrlə bağlıdır.
Raket zərbələrinin yalnız ABŞ ın bu ölkələrdəki hərbi bazalarına endirilməsi iddiası da həqiqətə uyğun deyil. İran Səudiyyə Ərəbistanının, Bəhreynin və digər ölkələrin neft infrastrukturuna, Qətərin sıxılmış qaz sənayesi obyektlərinə zərbələr endirməklə bu və digər region ölkələrində neft-qaz istehsalının həlledici şəkildə azaldılmasına nail olub.
Üstəlik, dünyanın 20 faiz neft və qaz ehtiyatlarının nəql edildiyi Hörmüz boğazının bağlanması dünya bazarında neftin qiymətinin 120 dollara qədər yüksəlməsinə səbəb olub.
Dünyanın ikinci güc mərkəzi olan Çin iqtisadi kollaps təhlükəsi ilə üzləşib.
Rusiyaya qarşı sanksiyalar tədbiq edərək Orta Şərqin neft-qaz sənayesindən daha çox asılı vəziyyətə düşən Avropa İttifaqı da müharibənin davamına uzun müddət müşahidəçi mövqeyində qala bilməz.
Bütün bunlar isə İranın ABŞ-la qarşıdurmada, Trampın təbirincə desək, əsas güclü kartlarıdır.
ABŞ-da ara seçkiləri ərəfəsində qiymətlərin qalxması Tramp və Respublikaçılar Partiyası üçün əlverişsiz şərait yaradır. Üstəlik, ABŞ-ın Orta Şərqdəki müttəfiqləri böyük itkilərə məruz qaldıqları üçün Trampdan müharibəni dayandırmağı tələb edir.
İranın qonşu dövlətlərə raket-dron zərbələri endirməsi, bu ölkələrin neft-qaz sənayesi və həyati əhəmiyyət kəsb edən digər obyektlərinin hədəfə alınması bu məntiqə əsaslanır.
İran hərbi yolla ABŞ və İsrailə qalib gələ bilməz. Odur ki, raket və PUA ehtiyatları tükənməmiş ABŞ-ı siyasi yolla müharibəni dayandırmağa vadar etməyə çalışır.
İranın gələcəyi ilə bağlı ABŞ və İsrailin mövqelərində ciddi ziddiyyətlər var.
ABŞ (Tramp) İranda hakimiyyətin daha loyal rejimlə əvəz olunması, bu ölkənin nüvə silahından, uzaqmənzilli raketlərdən və güclü hərbi potensialdan məhrum edilməsi ilə kifayətlənmək, Hörmüz boğazını nəzarətə götürmək və ölkənin zəngin resurslarından faydalanmağı hədəfləyir.
İsrail isə İranın tamamilə dağıdılıb məhv edilməsinə çalışır. Rza Pəhləvinin hakimiyyətə gətirilməsi halında İranda idarəolunmaz xaosun yaranacağını çox yaxşı anlayan ABŞ məhz bu səbəbdən İsrailin irəlilətdiyi bu layihənin üzərindən xətt çəkdi.
ABŞ loyal hakimiyyəti olan bütöv və stabil İran dövlətində maraqlıdır.
Niyə Pezeşkian qonşu dövlətlərlə münasibətləri normallaşdırmağa, SEPAH isə daha da gərginləşdirməyə çalışır? Pezeşkianın qonşu dövlətlərlə münasibətlərə dair açıqlamalarından sonra SEPAH rəsmilərindən biri prezidentin çıxışını zəif, yanlış və ziyanlı adlandırdı.
Bundan sonra qonşu ölkələrə raket zərbələri davam etdi.
Çünki Pezeşkian İran dövlətini, bu dövlətin resurslarını, SEPAH isə nəyin bahasına olursa-olsun öz hakimiyyətini qorumaq barədə düşünür.
Niyə Orta Şərqin enerji ehtiyatları ilə zəngin olan ölkələri ilə yanaşı Azərbaycan, Türkiyə və Kiprə də raket zərbələri endirilir?
İran ABŞ və İsrailin hərbi məqsədlərlə bu ərazilərdən də istifadə etməsindən ehtiyatlandığı üçün qabaqlayıcı və xəbərdarlıq xarakterli zərbələr endirir.
Başqa yerlərdən fərqli olaraq, bu üç halda məsuliyyəti üzərindən atır. Çünki Azərbaycanla açıq konfliktə getmək istəmir, NATO-nun müharibəyə qoşulacağından ehtiyatlanır. Eyni zamanda həm Azərbaycan və Türkiyəni, həm də Avropanı müharibənin bura qədər gəlib çatacağından ehtiyatlandırmaq istəyir ki, bu ölkələr də ABŞ və İsrailin müharibəni dayandırmasında maraqlı olsun.
Bizim üçün mühüm olan başqa bir məsələ də var. İran Azərbaycan və Türkiyədə olan təzyiq qrupları şəbəkəsi vasitəsilə bu zərbələrin guya İsrail tərəfindən endirilməsi barədə təbliğat təşkil edərək ölkələrimizdə ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır.
Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan və Türkiyədə zərbələrin guya İsrail, Mossad tərəfindən endirilməsi təbliğatının genişlənməsi SEPAH qüvvələrinə bu zərbələri təkrarlamaq üçün əlavə stimul verir.
İran Asiyadan Avropayadək böyük bir coğrafiyada xaos və iqtisadi böhran yaratmaq yolu ilə müharibənin dayandırılmasını istəyən dövlətlərin sayını artırmağa çalışır. Müharibənin ağır nəticələrini qloballaşdırmaqla ABŞ-ı müharibəni dayandırmağa məcbur etməyi planlaşdırır.
Bu planın baş tutub-tutmayacağı isə ABŞ və İsrailin xarici siyasət mütəxəssislərinin qəbul edəcəyi qərarlardan və İranın raket-dron ehtiyatlarının nə vaxt tükənəcəyindən asılı olacaq.

