Müsavat Avropa qurumlarına müraciət edəcək – Divanın gündəliyi

Mayın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən bilgiyə görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib. Bildirilib ki, jurnalist Ramin Babayev saxlandığı təcridxanada üzləşdiyi təzyiqlərə etiraz olaraq artıq 5-ci gündür aclıq aksiyası keçirir.

Divan üzvü Mustafa Hacılı siyasi məhbus Azər Qasımlının apelyasiya məhkəməsi və onun xanımı, jurnalist Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında irəli sürülən ittiham əsasında keçirilən məhkəmə prosesi haqda məlumat verib.

Divan bütün jurnalistlərin və siyasi məhbusların, o cümlədən səhhətində ağır problemlər olan Aynur ElgünəşƏləsgər Məmmədlinin azadlığa buraxılmasını tələb edir.

Mayın 28-də Müstəqillik Günü ilə bağlı bayram tədbirlərinin keçirilməsi haqda qərar qəbul olunub, müvafiq tapşırıqlar verilib.

Daha sonra ölkədə və regionda ictimai-siyasi vəziyyət müzakirə edilib.

Milli Onkologiya Mərkəzində ötən həftə bir nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən hadisənin ölkənin səhiyyə sistemində mövcud olan problemlərdən qaynaqlandığı qeyd olunub. Xüsusən onkologiya sahəsində mövcud olan problemlər bəzən pasientlərlə həkimləri qarşı-qarşıya qoyur. Onkoloji xəstələrin müalicəsi qanunla dövlət hesabına həyata keçirilməlidir, lakin ictimaiyyətə məlumdur ki, praktikada xəstələrdən müalicə müqabilində böyük məbləğdə pul alınır. Hər il dövlət büdcəsindən Milli Onkoloji Mərkəzə və əlaqədar müəssisələrə on milyonlarla manat vəsait ayrılsa da, bu sahədə şəffaflıq təmin edilmir. Müsavat Partiyası hökümət qurumlarını bu hadisədən nəticə çıxarmağa, səhiyyə sistemində köklü islahatlara başlamağa, həm pasientlərin, həm də həkimlərin hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atmağa çağırır.

Avropa Parlamenti bu həftə qəbul etdiyi qətnamədə Azərbaycanda saxlanılan erməni separatçılarının azad olunmasını və Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təmin edilməsini tələb edib. Müsavat Partiyası bəyan edir ki, bu qərəzli və ədalətsiz tələblər Azərbaycana qarşı yönəlməklə bərabər, Ermənistanda seçki ərəfəsində moskvapərəst qüvvələrin maraqlarına xidmət edir və bütövlükdə sülh prosesinə zərbə vurur. Divan bu zərərli davranışların yolverilməzliyi barədə Avropa qurumlarlna müraciət etməyi qərara alıb.

Sonda cari məsələlər müzakirə olunub.