Ermənilərin saxladığı ikinci “terrorçu” da PKK-çı imiş – Video

Qarabağda saxlanılan ikinci suriyalı “terrorçu”nun (guya Azərbaycanın tərəfində döyüşürmüş) PKK kürd terror təşkilatının üzvü olduğu məlum  olub. Bu qurumun yaraqlıları ermənilərin tərəfində döyüşürlər.

 

Bunu kürdlərin özlərinin sosial şəbəkələrdə yaydıqları video sayəsində müəyyən etmək mümkün olub. Videoda ermənilər tərəfindən saxlanılan yaraqlı öz  silahlı yoldaşlarının əhatəsində oturur, onlar kürd dilində şüarlar səsləndirirlər. Onların əllərində Ermənistanın və qondarma Kürdistanın bayraqları var.

 

Ermənilərin yaydığı başqa videoda həmin adam ermənilərin əhatəsində oturub, onlar onu dindirir və təhqir edirlər.

 

Ondan Azərbaycan dilində soruşurlar, amma saxlanılan şəxs onları anlamır. Əgər erməni tərəfinə inansaq, Azərbaycan tərəfində suriyalı türkmənlər, türkcə danışan etnik türklər döyüşürlər.

 

Bundan öncə ermənilər başqa bir video yayaraq yaralı şəxsi suriyalı kimi təqdim ediblər. Lakin dindirmə zamanı həmin şəxs ərəb dilindən kürd dilinə keçir.

 

Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağda Ermənistan tərəfindən cəlb edilmiş 2 minədək kürd yaraqlı yerləşdirilib.