Müsavat başqanından bayram təbriki
Müsavat Partiyasının başqanı İsa Qəmbər Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
Əziz bacılarım və qardaşlarım!
Sizi, Silahlı Qüvvələrin hərbi qulluqçularını, ailələrini, əsgər analarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən yaradılmış, 1991 ci il 9 oktyabr tarixdə bərpa edilmiş ordumuz istər ötən əsrin əvvəllərində, istərsə də sonrakı mərhələdə ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda misilsiz xidmətlər göstərib, ərazilərimizi düşməndən qoruyub, bu yolda on minlərlə şəhid verib.
Torpaqlarımız uzun müddət işğal altında qalsa da ordumuz bu illər ərzində daha da gücləndi, döyüş qabiliyyətini və peşəkarlığını artırdı.
2016-cı il aprel hərbi əməliyyatları göstərdi ki, ordumuz ərazi bütövlüyümüzü təmin etməyə və hər cür fədakarlığa, qəhrəmanlığa hazırdır.
Uzun illərdən sonra nəhayət işğal olunmuş ərazilərimizin azad edilməsi üçün şans yarandı və 44 günlük savaşda şərəfli ordumuz zəfərlə irəliləyərək işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad edərək parlaq qələbə qazandı.
Vətən müharibəsindən sonra da düşmənin Qarabağda qalan qanunsuz hərbi birləşmələri təxribatlara davam edirdi.
Buna cavab olaraq ordumuz 2023-cü il sentyabr ayında yüksək peşəkarlıq nümayiş etdirərək, ermənilərin qanunsuz hərbi birləşmələrinə qarşı bir günlük lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.
Bu böyük qələbəyə Azərbaycan Ordusunun rəşadətli mübarizəsi, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına nail olduq.
Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə neçə-neçə əsgər və zabitlərimiz qəhrəmanlıqla şəhid oldu və yaralandılar.
Bu böyük qələbəyə nail olan rəşadətli ordumuzun əsgər və zabitlərinə sevgimiz tükənməz və əbədidir.
Ordu günündə bir daha şəhidlərimizi sevgi və qürur hissi ilə anırıq.
Orduya sevgi həm də şəhid ailələrinə, qazilərə diqqət və qayğını artırmaq deməkdir.
Əziz həmvətənlərım!
Sizi bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.Sizə ailə səadəti, xoşbəxtlik və uğurlar arzulayıram.
Tanrı Ordumuzu qorusun!
Tanrı Azərbaycanımızı qorusun!