BMT-də Azərbaycana qarşı qətnamə layihəsini İngiltərə əngəlləyib
BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 19 oktyabr tarixində keçirilən müzakirələrin bəzi yeni təfərrüatları üzə çıxıb.
“Sputnik”in məlumatına görə, müzakirələrdə münaqişə ilə əlaqədar yeni qətnamənin qəbul olunması təklif olunub. Rusiya və Fransanın təşəbbüsü ilə hazırlanan layihədə Qarabağda atəşin dərhal dayandırılması, münaqişəyə 3-cü tərəfin müdaxiləsinin və muzdlu yaraqlılardan istifadənin yolverilməzliyi haqda müddəalar nəzərdə tutulub.
Başqa sözlə, qətnamə layihəsi Azərbaycan ordusunun ərazilərin işğaldan azad olunması uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyatların dayandırılmasını, digər tərəfdən isə bu müharibədə guya Türkiyə Silahlı Qüvvələrinin iştirakı və muzdlu yaraqlılardan istifadə haqda rəsmi Bakıya qarşı əsassız ittihamların dolayısı ilə təsdiqini nəzərdə tutb.
Bildirilir ki, layihə ABŞ-ın nümayəndəsi ilə də razılaşdırılıbmış. Lakin BMT TŞ-nin beş daimi üzvündən (ABŞ, ÇİN, İngiltərə, Rusiya, Fransa) birinin – İngiltərənin veto qoyması səbəbilə, qətnamə layihəsi geri götürülüb.
Bundan sonra Təhlükəsizlik Şurasının sədri adından bəyanat verilməsi təklifi irəli sürülüb. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Bu layihə də əsasən Rusiya və Fransa tərəfindən hazırlanıb.
BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının (QH) üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər.
Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi də rəsmən geri götürülüb. Nəticədə, TŞ münaqişə tərəflərinə atəşin dayandırılması barədə ümumi çağırış etməklə kifayətlənib.
Ermənistanda hesab edirlər ki, İngiltərənin bu mövqeyi əsasən BP şirkətinin Azərbaycanın neft layihələrində iştirakı və rəsmi Londonun iqtisadi maraqları ilə bağlıdır. Hərgah, unutmaq olmaz ki, İngiltərə xarici siyasət shəsində hər zaman öz dəst xətti ilə seçilib və irticaçı dövlətlərin əl-qol açmasına imkan verməyib. İngiltərə ikinci dünya müharibəsi illərində faşizmə qarşı koalisiyanın yaranmasında həlledici rol oynayıb. Müasir dövrdə isə, İngiltərə Rusiyanın keçmiş SSRİ ərazisində öz hegemonluğunu bərpa etmək cəhdlərinin qarşısında əsas əngəldir.
Basta