Əlisəmid Kür üçün vida nəğməsi
Azərbaycan poeziyasında “Misir piramidaları” tikən memar Əlisəmid Kür üçün
Vida nəğməsi…
Bu gün Yerin təki Salyan tərəfdən əməlli-başlı çat verdi, bütün laylarının, süxurlarının “sümükləri” şaqqıltı ilə “sındı”: Əlisəmid Kür boyda nəhəng, möhkəm, çatverməz, sıxılmaz bir LAY – QRANİT üçün yer etməyə! Yerdə hamının evi-qəbri var, amma Əlisəmid Kür kimi həyatını qranit kimi yaşamışların öz yeri var – ayrıca!
Onlar və elələri gələndə yer yerindən oynamalı, deformasiyaya uğramalı, gələnə YER etməlidir.
Adamlar öləndə meyit olur, hər şeyi əkəndə gül-çiçək, ağac-kol bitirsə, adam “əkəndə” Başdaşı bitir (rəhmətlik Zakir Sadatlı).
Əlisəmid Kür isə… Yerin özü olaraq, əvvəl üstündə, indi də altında özünə yer etdi, getdi!
Gələndə necə gəlmişdisə!
Haqqındakı yazımı, şəkillərimi paylaşmayacam, xatirələrimi yazmayacam.
Əlisəmid Kür… bu torpağın üstündəkiləriylə bahəm, altındakılarının sırasında da TALANT kimi üzə çıxacaq… gələcək nəsillər üçün!
Xudahafiz, torpağın altında və üstündə poeziyası ilə “şram” çəkərək özünü Yerə məhək edən Oğlan!
Hayıf səndən, hayıf sənin Oğlanlığından.
Sən Azərbaycan ədəbiyyatına Poetika, Bıçaq və Oğlanlıq gətirdiyin üçün səni sevirəm – Tanrı sevgisindən həzz al.
İnsanlar səni Tanrı sevə bilən kimi sevə bilməzdi!
Sevənlərin üçün başsağlığı – təsəlli üçün yazdım!
Bu sevgiyə Sən misralarınla – göydə göyün, yerdə Yerin bütün qatlarına işləyən, çatan kentavr ruhunla, dinozavr gücünlə-iradənlə çatdın, Azərbaycan Poeziyasında “Misir ehramları” tikən memar!
Səni daşımağa həyatın, yaşatmağa insanların gücü çatmadı – haqqında səslənən ən zəif ifadəmdir.
Aydın Can