Rusiya qoşunlarının Azərbaycana gətirilməsinə Müsavatdan etiraz

Müsavat Partiyası Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında 10 noyabr tarixində imzalanan razılaşma və Rusiya silahlı qüvvələrinin Azərbaycana gətirilməsi ilə bağlı bəyanat qəbul edib.

 

Sənəddə deyilir:

 

Müsavat Partiyası Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanatda Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğalçı qüvvələrdən tezliklə azad olunmasını nəzərdə tutan müddəanı müsbət qiymətləndirir.

 

Eyni zamanda Milli Ordumuzun zəfər yürüşü və torpaqlarımızın işğaldan azad olunması başa çatmaq üzrə olduğu bir məqamda, Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisinə gətirilməsini nəzərdə tutan müddənın Azərbaycanın Konstitusiyasına və qanunlarına zidd olduğunu, ölkənin suverenliyinə təhdid təhlükəsi yarada biləcəyini bəyan edir.

 

Müsavat Partiyası rəsmi açıqlamalarda Türkiyə Cümhuriyyətinin nizamlanma prosesində iştirakının nəzərdə tutulduğu bildirilsə də, razılaşma sənədində bu haqda müddəanın olmamasınından narahatlığını ifadə edir.

 

Müsavat Partiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasında razılaşma sənədləri  ikitərəfli qaydada imzalanmalı, davamlı sülhün təminatçısı olacaq dövlətləri tərəflər özləri seçməlidir.

 

Müsavat Partiyası Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurların oğurlanması ehtimallarından narahatlığını ifadə edir və Azərbaycan hakimiyyətini bundan sonra gedən siyasi-diplomatik danışıqlarda müharibənin indiki nəticələrinə və xalqın iradəsinə əsaslanmağa çağırır.