Arif Hacılı ittihamlara cavab verdi
Noyabrın 25-də ölkə başçısı İlham Əliyev Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı bir sıra ağır ittihamlar irəli sürüb. Müsavat Partiyasının başqanı, AXC iqtidarında Dövlət müşaviri və AXC Ali Məclisinin sədri olmuş Arif Hacılı özünün feysbuk səhifəsində bu ittihamlara cavab verib.
Arif Hacılının yazısını təqdim edirik:
“Bəli, biz Kreml kabinetlərində müsabiqədən keçib, təlimat alıb sonra Azərbaycanda yüksək vəzifələrə təyin edilən kommunist məmurları olmamışıq.
Ola bilməzdik, o müsabiqədən keçməzdik, o təlimatları qəbul etməzdik, o öhdəlikləri götürməzdik.
Biz dövlət vəzifələrinə gəlməzdən əvvəl 100 minlərlə üzvü olan AXC-yə, milyonlarla üzvü olan Azərbaycan Xalq Hərəkatına rəhbərlik etmişik.
Bu vəzifələri seçki yolu ilə tutmuşuq. Xalq tərəfindən millət vəkili seçilmişik.
Azərbaycanın istiqlalına nail olmuşduq.
Qarabağ uğrunda yalnız TV çıxışları ilə yox, həm də səngərlərdə vuruşurduq.
***
Bəli, 92-ci ilin aprel-may aylarında Azərbaycanda hakimiyyət davası pik həddə çatmışdı.
Amma, bu mübarizəni biz aparmırdıq. Aprel ayından AXC Ali Məclisinin qərarı ilə bütün kütləvi aksiyaları, sonra isə prezident seçkiləri kampaniyasını dayandırdıq.
Daha əvvəl parlamentdə olan deputat qrupumuz daxili siyasi mübarizəni dayandırmaq üçün prezident seçkilərinin keçirilməməsini təkidlə təklif etmişdi. Bu barədə sədri olduğum AXC Ali Məclisinin qərarı var idi.
Biz daxili siyasi mübarizəni dayandırmaq üçün əvvəl Ayaz Mütəllibovun, sonra Yaqub Məmmədovun rəhbərliyi altında bütün qüvvələrin birləşməsinə razı idik, bunu təklif etmişdik.
Fevral ayında parlamentin akt zalında Mütəllibovun da iştirakı ilə bu məsələlərə həsr edilmiş, bəzi yazarların Xalq Qurultayı adlandırdığı böyük bir toplantının keçirilməsinə nail olduq.
Ancaq siyasi opponentlərimiz daxili siyasi mübarizəni dayandırmaq təkliflərimizi ambisiyalarına və Moskvadan aldıqları təlimatlara görə qəbul etmədilər.
Bütün bu məsələlər o dövrün mətbuatında dərc olunub.
Biz Şuşanın, digər ərazilərimizin işğalının qarşısının alınması üçün səngərlərdə vuruşurduq.
AXC batalyonlarının ərazilərimizi müdafiə edən demək olar ki, yeganə qüvvələr olduğu, AXC Ali Məclisinin üzvü milli qəhrəman Ramiz Qəmbərov və yüzlərlə AXC üzvünün Şuşanın, Laçının müdafiəsi yolunda şəhid olduğu günlərlə Bakının küçə və meydanlarında Hacı Əbdülün dəstəsinin və “Qardaşlıq” cəmiyyətinin üzvləri Mütəllibovu dövlət çevrilişi yolu ilə yenidən hakimiyyətə gətirmək, Heydər Əliyev tərəfdarları isə yaş senzinin ləğv edilib onun hakimiyyətə gətirilməsi tələbi ilə fasiləsiz aksiyalar keçirirdilər.
Bu aksiyalar Şuşanın işğal edildiyi günlərdə də dayandırılmamışdı.
***
İlham Əliyevin bu həqiqətlərdən xəbərsiz ola bilər.
Çünki, sonrakı illərdə atası tərəfindən mühüm dövlət vəzifəsinə təyin olunmazdan əvvəl Azərbaycanın ictimai-siyasi həyatında hər hansı iştirakı olmayıb.
Bu məsələlər də o dövrün mətbuatda dərc olunub və bu qəzetlər kitabxana və rəsmi arxivlərdən başqa şəxsi arxivlərdə qalır.
Mənim haqlı olduğumu müəyyənləşdirmək çox asandır. Bu mənbələri açıb baxmaq kifayətdir.
***
Bu ölkəni bir tərəfdə dahi dövlət xadimləri, digər tərəfdə isə vətən xainləri kimi iki yerə bölmək cəhdi cəmiyyətiə xeyli ziyan vursa da əvvəlki illərdə olduğu kimi yenə iflasa uğrayacaq.
Çünki, tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz…”
Basta