Bakı erməni əsirləri küçələrə çıxarmağı planlaşdırmır

Azərbaycan hakimiyyəti qələbə münasibətilə keçiriləcək parada erməni əsirləri çıxarmağı planlaşdırmır. Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 dekabr tarixli məlumatında deyilir.

 

Azərbaycan beynəlxalq humanitar normalara sadiqdir.  Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatıv vəyaralıların müalicə hüquqları tam təmin edilib.

 

Əsir düşmüş erməni hərbçiləri barədə məlumatlar müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edilib.

Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

 

Amma Ermənistan tərəfi beynəlxalq hüquqa zidd olaraq Azərbaycan əsirlərini gizlədir, deyə məlumatda qeyd edilir.