Müsavat başqanı Azərbaycan və Türkiyə rəhbərliyinə səsləndi: “Nəyi gözləyirsiz?”

Arif Hacılı, Müsavat Partiyasının başqanı 

 

Hakimiyyət yetkililəri bildirirdilər ki, dekabrın 1-dən Ağdam, Kəlbəcər, Laçın işğaldan azad edildikdən sonra bir çox suallara aydınlaıq gələcək. Amma belə olmadı, əksinə yeni suallar yaranmağa başladı və bu suallar hər gün artır.

 

Yuxarı Qarabağ ərazisində separatçı rejim hər gün daha da möhkəmlənir. Bu ərazi üzərində suverenliyimizin təmin edilməsi hər gün daha da çətinləşir. Bəyan edildiyi kimi Azərbaycanın ərazi bütövliyi təmin olunubsa ərazilərimizdə erməni silahlı birləşmələri ola bilməz.

 

Halbuki, Yuxarı Qarabağ ərazisindən erməni silahlı birləşmələri nəinki çıxarılmayıb, əksinə bu qüvvələr yenidən konplektləşdirilir.
Açıq şəkildə revanşa hazırlıq getdiyi bəyan edilir.

 

Yuxarı Qarabağ ərazisi rus ordusunun himayəsi altında nəzarətsiz olaraq yenidən məskunlaşdırılır. Azərbaycanlı qaçqınlar əraziyə qaytarılmır.

 

Rusiya humanitar yardım adı altında orada erməni əhalinin yerləşməsinə stimul vermək üçün şirnikləndirici mühit yaradır.
Yuxarı Qarabağ Azərbaycan üçün tam qapalı əraziyə çevrilib.
Oraya nəinki dövlət strukturlarımız, əvvəllər bu ərazidə yaşamış azərbaycanlı əhali, hətta jurnalistlərimiz, humanitar təşkilatlarımızın nümayəndələri belə buraxılmır.

 

Rusiya humanitar yardım adı altında ərazimizdə qurmaq istədiyi dövlətin maddi-texniki bazasını yaradır. Azərbaycan hakimiyyəti isə suverenliyimizi təhdid edən bu hadisələrə adekvat reaksiya vermir.
Türkiyədən olan hərbi missiyanın ölkəmizə gəlməsi müxtəlif bəhanələrlə ləngidilir.

 

İndi bu missiyanın fəaliyyətə başlamamasının səbəbi kimi uyğun binanın olmaması göstərilir. Doğrudanmı, ölkəmizin 3 min kv.km ərazisini, 4-5 şəhərimizi rus hərbiçilərinin sərəncamına vermiş bir dövlətin Türkiyənin də iştirak edəcəyi müşahidə missiyasının yerləşməsi üçün bir bina ayırmaq imkanı yoxdur? Bu nə absurd iddiadır ki, missiya Ağdamda bina tikiləndən sonra fəaliyyətə başlayacaq?

 

Nədən müşahidə missiyası fəaliyyətinə ilk gündən məhz Şuşada və ya Bərdədə başlamadan Ağdamda bina tikilməsini gözləyir? Azərbaycan və Türkiyənin hərbi- siyasi rəhbərliyindən soruşuram? Rusiyanın Yuxarı Qarabağ ərazisində əsas işlərini görüb qurtarmasınımı gözləyirsiz? Bundan sonra nəyi müşahidə edəcəksiz?

 

Bu məsələr millətimiz və dövlətimiz üçün taleyüklü məsələlərdir.
Bu mövzular Azərbaycan Parlamentində, mətbuatda , sosial mediada SOS qrifi altında müzakirə edilməli, bu problemlər ləngimədən, indi həll olunmalıdır! Sonra gec olacaq.

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.