İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqi”ni yaradıb
İlham Əliyevin fərmanı ilə “İnvestisiya Holdinqi” yaradılıb. Holdinq statusuna görə publik hüquqi şəxs olacaq.
Dövlət başçısının fərmanında deyilir ki, “İnvestisiya Holdinqi” dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə yaradılır.
Holdinqə Müşahidə Şurası və İdarə Heyəti rəhbərlik edəcək. Holdinq idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.
Dövlət başçısının fərmanına əsasən, Nazirlər Kabineti AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
İlham Əliyev həmçinin İnvestisiya Holdinqinin Nizamnaməsini təsdiq edib. Nizamnaməyə əsasən, AİH-in Müşahidə Şurası AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.
Şura AİH-in İdarə Heyətinin fəaliyyətinə nəzarət edəcək və onu yoxlayacaq. Şura həmçinin dəyəri AİH-in aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əməliyyatlarla bağlı qərarlar qəbul edəcək.
Holdinqin İdarə Heyəti də sədr daxil olmaqla, beş üzvdən ibarət olacaq. İdarə Heyətinin sədri prezident tərəfindən təyin ediləcək. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktoru olacaq. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılacaq. Qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilməyəcək.