Riçard Kazlariç: “2016-cı ildə Bayden Əliyev qarşısında iki məsələ qaldırmışdı”

Amerikalı diplomat hesab edir ki, Vaşinqtonla Bakı arasında dialoq dayandırıldığı yerdən davam edəcək 

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Bayden administrasiyasının hakimiyyəti dövründə ABŞ-Azərbaycan əlaqələrində gözlənilən prioritetlər, Birləşmiş Ştatların Cənubi Qafqaz regionunda siyasi kursu və Amerikanın qlobal lider kimi rolu haqda danışıb.

 

Riçard Kazlariç bildirib ki, indi ABŞ-da hakimiyyətə keçmiş Sovet İttifaqını və Cənubi Qafqaz regionunu çox yaxşı tanıyan insanların gəlişi nəzərə alınmalıdır.

 

“2016-cı ilin aprel ayında həm Azərbaycan, həm də Ermənistanın prezidentləri nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər etmişdi və vitse-prezident Bayden hər iki prezidentlə görüşmüşdü. Bu, maraqlıdır. Mən mətbuat üçün verilən açıqlamaya baxmışdım və Baydenin prezident Əliyev qarşısında qaldırdığı iki məsələ insan hüquqları və hazırkı Qarabağ probleminin hərtərəfli həllinin vacibliyindən ibarət idi. Buna görə də mən dialoqun müəyyən dərəcədə dayandırıldığı yerdən davam edəcəyini gözləyirəm. Bu, xüsusilə yeni Bayden administrasiyasının gündəminin mövzusunda iki məsələyə yaxındır” – deyə, diplomat vurğulayıb.

 

Kazlariç noyabrın əvvəlində atəşkəsə dair Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında  imzalanan bəyanatla bağlı deyib ki, bu, müharibənin sona çatması üçün atılmış vacib, müsbət bir addımdır.

 

“İrəliyə getməyin real yolu Ermənistan və Azərbaycan rəsmilərinin üz-üzə danışıqlar aparmasıdır. Atılan bəzi addımların məni ruhlandırdığını deməliyəm, Onu nəzərdə tuturam ki, həm Ermənistanın, həm də Azərbaycanın təhlükəsizlik nümayəndələri arasında görüşlər olub. Sonra isə Putinlə bu son görüş istər nazirlər, istərsə də başqa səviyyədə iqtisadi rəsmilərin detallar üzərində işləmək üçün bir araya gəlmələri məqsədilə razılaşmanın əldə edilməsinə gətirib çıxardı. Bizi, məni bunu kimin etdiyi maraqlandırmır. Mən tərəflərin bunu bir-biri ilə birbaşa etməsini üstün tuturam. Onlar bir-birilərinin telefon nömrələrini öyrənə bilər, ruslara, ABŞ-a ehtiyacları yoxdur” – deyə, Kazlariç bildirib.