Azərbaycanda azadlıqlar məhdudlaşır – ABŞ Dövlət Departamentinin hesabatı

ABŞ Dövlət Departamenti çərşənbə axşamı 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Entoni Blinken Vaşinqtonda Dövlət Departamentində hesabatla bağlı çıxış edib və müxbirlərin suallarını cavablandırıb.

 

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu bildirilir. Bu pozuntular arasında qanunsuz və ya özbşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar yer alıb.

 

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

 

Dövlət Departamentinin hesabatındada bildirilib ki, ATƏT-in müşahidə missiyasi Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərinin, habelə 2018-ci ildə keçirilən prezident seçkisinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə keçirilidiyini və bunun seçkidə həqiqi rəqabətə əngəl olduğuna dair nəticəyə gəlib.

 

Bundan əlavə, hesabatda Azərbaycanda jurnalistlərin şübhəli ittihamlarla təqib olunub həbs edildikləri, saytların bloklandığı, dinc toplaşmaq azadlığına ciddi müdaxilələrin olduğu, hərəkət azadlığının məhdudlaşdırıldığı, hökümətdə sistemli korrupsiya hallarının olduğu, polisin insanların cinsi oriyentasiyasına əsaslanaraq zorakılıq tətbiq etdiyi və ölkədə uşaq əməyinin ən pis formalarının mövcud olduğu deyilib.

 

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı qeyd edilir.

 

2020-ci ili əhatə edən hesabatda dünya boyu insan haqları sahəsində vəziyyətdə tənəzzül və koronavirus pandemiyasının insan hüquqlarının müdafiəsi praktikasına təsiri qeyd edilib. Hesabatda Çin, İran, Rusiya, Myanma, Belarus və digər avtoritar ölkələrdə insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlar vurğulanıb.

 

Amerikanın səsi