MART FACİƏSİ – M.Ə.Rəsulzadənin yazısı
Bu gün, martın 31-də erməni-rus hərbi birləşmələrinin azərbaycanlılara qarşı soyqırımından 103 il keçir.
1918-ci ildə Moskvanın bolşevik rəhbərliyinin əmriylə icra olunan bu qırğının əsas məqsədi Bakının və Bakı qəzasına daxil olan ətraf rayonların türk-müsəlman əhalidən təmizlənməsi idi. Bolşeviklər neftlə zəngin olan Bakını ermənilərin əli ilə ələ keçirmək, burada kommunist diktaturası qurmaq istəyirdilər. Buna nail olmaq üçün Bakı, Şamaxı, Quba, Salyan və digər rayonlarda ümumilikdə on minlərlə azərbaycanlı qətlə yetirilib. Mart qırğınlarını araşdırmaq üçün Azərbaycan Xalq Cumhuriyyəti dönəmində yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqatlara əsasən Bakıda 12 min, Şamaxı qəzasında 22 min, Quba qəzasında 16 min, Lənkəranda 2 min, Zəngəzur qəzasında 7 mindən çox azərbaycanlı öldürülmüşdür.
Tarixçi-alim Nəsiman Yaqublu bildirir ki, 31 Mart Soyqırımına ən düzgün qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdi. Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti bu faciənin əsas səbəbkarlarını müəyyənləşdirmişdi:
“Təəssüflər ki, bolşeviklərin işğalı (28 aprel 1920 – red.) buna imkan vermədi. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında isə müstəsna rolu M.Ə.Rəsulzadə oynadı.1923-cü ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında və “Yeni Qafqasiya”, “Odlu Yurd” jurnallarında 31 Mart soyqırımı haqqında Türk ictimaiyyətinə geniş bilgilər verdi.
Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin 1925-ci ilin 31 martında “Yeni Qafqasiya” jurnalında nəşr olunan “Mart faciəsi” məqaləsini oxuculara təqdim edib.
MART FACİƏSİ (17-21 mart 1918) – M.Ə.Rəsulzadənin yazısı
Azərbaycan təşəkkülü tarixində fəcaətlə seçilən günlərdən biri də 17 Martdır (köhnə tarixlə 31 mart-red). “Mart faciəsi” namıyla məşhur olan və bu tarixdə başlayan üç günlük qətliam başı bəlalı Bakının keçirdiyi pək qara və məzlum günlərini təşkil edir.
Yıl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan bolşevik rəisi Lenin tərəfindən bütün Qafqasiya Fövqəladə Komisarlığına təyin olunmuş, Türkiyə Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) də verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət etmək üçün fövqəladə səlahiyyətlər bəhs ediyordu.
Şaumyan, Qafqasiya Komisarı sıfətiylə Tiflisə getmiş ikən kəndisinə müxalifət edən Mavərayı Qafqas Komisarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən, bir tavırla sıvışmış, təkrar Bakıya dönmüşdü.
Şaumyanın şu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib buradan Tiflisə qarşı bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə qərar vermişlərdi.
Bu qərarın qüvvədən feilə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək, Bakıda toplu bir halda bulunan rus ordusu saldatlarını min dürlü iğfal və təşviqlərlə məmləkətlərinə getməkdən çəkindirirdilər, onları siyasi məqsədləri üçün kullanmaq istədilər. Bu xüsusda bir tərəfdən Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq üçün aldıqları əmr, digər tərəfdən də rəislərinin milliyyət etibarıyla erməni oluşu bolşevikləri erməni Daşnaksütyun Firqəsi ilə anlaşmaya sövq ediyordu. Bilxassə ki, Bakıda alıkolunan saldatlar arasında birkaç alay erməni əskərləri var idi.
İştə hökuməti Bakı Sovetləri ələ alıb komunist diktaturasını təsis etmək üçün salifüz-zikr əvamilin təsiri ilə Bolşevik Firqəsinin Qafqasiya Komitəsi, Erməni Daşnaksütyun Firqəsi ilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, şimdi artıq iş təcavüzə keçmək üçün bir bəhanə aramaya qalmışdı. Təcavüzün Bakı türklərinə qarşı icra ediləcəyi kəndiliyindən məlum. Həm kolay bir müvəffəqiyyət istehsalı üçün bu cəbhəyə təcavüzdən daha münasib bir tərzi hərəkət bulunamazdı. Çünki vaxtında rus çarizmi tərəfindən mükəlləfiyyəti əskərliyə tabe tutulmayan türk xalqı əskəri təşəkkül nöqteyi nəzərindən pək zəif bir halda idi.
Bəhanə bulundu. milli türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya göndərilən əskəri heyətin bir kaç gün əvvəl tövqif edilməsi səbəbiylə zatən elektriklənmiş bir halda bulunan türk əhalisi ikinci bir hadisə ilə daha ziyadə həyəcana verildi.
Lənkəranda təşəkkül etməkdə olan türk milli alayında bir qrup qəzaən vəfat edən arkadaşlarının cənazəsini Bakıya təşyi ilə geri dönmək istəmişlər. Sovet mühafizləri tərəfindən limanda bir istimbota minmək üzərə ikən mühasirə edilmiş, tərki silah etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzərə ikən sayğısız birtaqım cahilin qərəzkar müfəttinlərə alət olması ilə fitnə təkrar alovlanmış, zatən günlərdən bəri qətliama hazırlaşmış bulunan bolşevik erməni qüvvəyi müsəlləhəsi müharib bir vəziyyət alaraq şəhərin müsəlman məhəlləsini bombardman etməyə başlamışdır.
Bu təərrüz qarşısında istər-istəməz müdafiəyi nəfs etmək zərurətində qalan türklər təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən biz-zərurə silahlarına sarılmışlarsa da, qeyri müsavi bir mükatilədə bittəbii məğlub olmuşlardır. Türk əhalisi üç gün tamam müdhiş bir qətliama uğramış, şəhərin müsəlman hissəsi dini, milli və ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.
Bu surətlə başlayan Mart faciəsinin nə kibi bir vəhşət və kin mənzərəsi təşkil eylədiyini təsvir edə bilmək üçün bulunan bir vəsiqəni iqtibas edəlim: Bu vəsiqə Mart hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim edilmişdir. Kulka namını daşıyan bu zat milliyyətcə türk və müsəlman olmayıb xristian olduğundan kəndisini türklər lehində mübaliğə ilə ittiham etmək, əlbəttə, caiz olamaz. İştə bu bitərəf mühəqqəq Mart faciəsinə aid təsvir etdiyi lövhələrdən birər parça:
“… Münhəsırən müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhalini öldürüyor, şimşirlərlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evlərə atəş veriyor, çocuqları bu atəşlərə ataraq diri-diri yaxıyor, üç-dörd günlük südəmər çocuqları isə süngülərə taxıyorlardı…”
“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam nəəşı bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.
“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda sokaklarla sevq və kəndilərini tüfəng dibçikləri ilə dərb ediyorlardı”.
“Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədiyi kibi, ixtiyarlara da aman yoxdu. Məsəla Əlizadə Hacı Əmirin evində 80 yaşlı annəsi, 60 və 70 yaşlı qadınları öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivilənmişdi”.
“Məqdul bir müsəlman erkəyinin aləti tənəsüliyəsi kəsilib bir az ötədə düşən məktulə bir İslam qadınının ağzına verildiyi kibi, çocuğunu əmizdirir bir vəziyyətdə yerlərə sərilən zavallı qadın nəəşləri və daha bir çox fəci və kərih mənzərələr təşkil edən cinayət əsərləri görülmüşdür” diyor.
Kulka Əfəndi divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə bulunan çoluq-çocuq nəəşlərinin fotoqraflara təsbit olunmuş canhıraş vəqalardan da bəhs ediyor. Fəqət bu vəqaları biz burada tamamıyla təfsil edəcək deyiliz. Qarelərimizin zatən mütəəssir bulunan əsəbini daha fəzlə əzmək istəməyiz!.. Mart hadisəsi günlərində Qızıl Rusiya müməssilləri ilə rus siyasətinin zavallı aləti olan bir qisim erməni xalqının Azərbaycan türklüyünə qarşı nə müdhiş bir kin və ədavət bəslədiyini göstərmək üçün bu qədərini söyləmək də kafidir.
Bu ədavət, türk xalqının mövcudiyyəti təbiiyəsinə olduğu kibi, mənəviyyatına da tövcih edilmişdi. Üç gün zərfində 15.000 islam öldürülmüş; Türk müəssəsəatı milliyyəsinin sarayını təşkil edən İsmailiyyə binası ilə “Açıq Söz” və “Kaspi” mətbəələri atəşə verilmiş, Bakının ən böyük camii top mərmiləriylə dəlik-deşik edilmişdi.
Əvət, Ermənistan muxtariyyat və istiqlalının fərmanının cibində daşıyan Şaumyanın qəzetəsi “Bakinski Raboçi” milliyyətçi azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar bulursunuz!” demişdi. Həm 17-21 Mart günlərində əldə etdiyi kolay müvəffəqiyyəti mütəaqib Şaumyan diktaturası bu vədini tamamıyla ifaya qalxmışdı.
Bakıdan sonra sıra Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda islam məhəlləsinin daşı daş üstündə qalmamış, ərəb fatehləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dayanan, birkaç əsrin mədəniyyət şahidi bulunan Camii Kəbirə belə acımamış, bütün şəhəri atəşə vermişlərdi.
Bolşevik − Daşnaksütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günkü hərəkəti möhtəməl Türkiyə təcavüzünə qarşı hər növ tədbir görmək, Qafqasiya cəbhəsini tərk edən mütəlaşi rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki, Lenin, Şaumyan namına yazdığı dekretdə Türkiyədən çəkilən rus ordusunun yerinə erməni alaylarının təşkilini əmr ediyordu.
Ermənilər Türkiyə əleyhdarı olduqlarından iltizam, azərbaycanlılar isə lehdar olduqlarından rədd və qəhr olunuyorlardı. Nitəkim mənhus Mart günlərinin nəticəsində əqd olunan “müsələha” mərasimindən sonra iniqad edən Sovet ictimaında Müsavat Firqəsinin bayrağını çeynəyən bir bolşevik komisarı Suxoçev “Türkiyənin Bakı cəbhəsi alındı!” deyə elanı şürur eyləmişdir.
Anadolu böyük qardaş fədakar məhmətçiyin tarixi yardımı ilə Bakını istirdad edən Azəri xalqı, heç şübhəsiz ki, Türkiyənin deyilsə də, türklüyün Bakı cəbhəsini düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdir.
Heyhat ki, sui talih bu milli cəbhəni təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o fəci mart günlərini xatırlarkən bu əlim faciənin hələ təmadi etməkdə olduğunu görməklə dağdarız!.. Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliyinin bu mənhus istila hökuməti ilə barışamaz bir mücadiləyə girişdiyini görməklə də mütəsəlliyiz. Bu təsəlli bizə türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan Cumhuriyyətinin təkrar hürriyyət kəsb edəcəyini və istiqlalını istirdad ilə çəkdiyi bu acıların mükafatına haqqıyla nail olacağını qüvvətli ümidlərlə təlqin edər.
“Yeni Qafqasiya”, 31 Mart 1341 / 7 ramazan 1343,
il:2, №13, s. 6-8
Mavərayı – cənubi
Saldat – əsgər
İğfal – aldatma
Salifüzzikr – irəlidə deyilmiş
Tövqif – həbsə alma,saxlatma
Təşyi – yola salma
İstimbot – buxar gücü ilə işləyən gəmi
Mühəqqəq – tədqiq olunmuş
Münhəsır – bir şeyə məxsus olan
Üryan – çılpaq
Mütəaqib – bir-birinin ardınca
Məqdul – öldürülmüş
Qare – oxucu
Tövcih – üz döndərmə
Möhtəməl – ehtimal olunan
İniqad – bağlanma,təşkil etmə
Mənhus – uğursuz
İstirdad – geri alma
* 31 Mart 1341 / 7 ramazan 1343 – 31 mart 1925; 17 -21 mart köhnə təqvimlədir, yenisi ilə 29- 31 martdır.