AŞPA-da Rusiya deputatları Ermənistanı məyus edib
Azərbaycan, Türkiyə və Rusiya Federasiyasının AŞPA-dakı nümayəndələri erməni “əsirlərin” (44 günlük müharibə başa çatdıqdan sonra Qarabağda saxlanılan diversantların) qaytarılması məsələsinin müzakirəsinə qarşı səs veriblər.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 19 aprel tarixində başlayan yaz sessiyasında erməni “əsirləri”, digər hərbi əsirlər və köçkünlər məsələsinin gündəliyə salınması təklif edilib.
Lakin AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təklifə qarşı çıxib. Bu səbəbdən gündəliyin həmin bəndinə dair səsvermə keçirilib.
Səsvermənin nəticələrinə görə (93- “lehinə”, 21- “əleyhinə”, 18- “bitərəf”), məsələ yenə də gündəliyə salınıb.
AŞPA-nın saytından məlum olur ki, Azərbaycandan 6, Türkiyədən 8, Rusiya Federasiyasından 5 nümayəndə, habelə Macarıstan və Serbiyadan bir millət vəkili məsələnin gündəliyə salınmasına qarşı çıxıb.
Rusiya nümayəndə heyətinin digər 7 nümayəndəsi səsvermədə bitərəf qalıb. Bitərəf qalanlar arasında Ukraynadan 2 nümayəndə də var.
Ermənistan mediasında Rusiya deputatlarının mövqeyi təəccüb və məyusluqla qarşılanıb. Lakin AŞPA-nın saytından məlum olur ki, eyni gündə Türkiyədə insan haqlarının pozulması və Rusiyanın Avropada sülhə təhlükə yaratması məsələləri də gündəliyə salınıb. İstisna deyil ki, Rusiya deputatları öz ölkələrinə qarşı yönələn müzakirəni əngəlləmək üçün gündəliyin səsə qoyulması mərhələsində Türkiyə və Azərbaycanın nümayəndə heyətləri ilə sövdələşməyə gediblər.
Sessiyanın növbəti günlərində Rusiya deputatlarının hansı mövqe tutacağı maraq doğurur.
Basta