Siz burada yaşayacaqsınız…
Millətinə, diyarına qanı, canı ilə bağlı olan ziyalılarımızdan biri şair Əhməd Cavad Azərbaycanın tarixində silinməz iz buraxmış 37-ci ildə özünü güllələdikdən sonra, bununla kifayətlənməyən sovet rejimi, onun həyat yoldaşı Şükriyyə xanımın övladlarını əlindən alaraq, Qazaxıstana 10 illik sürgünə göndərir.
Şükriyyə xanım sonrasını belə təsvir edir:
“Bizi qədim kurqanlar olan bir yerə gətirdilər. Bizə dedilər ki, siz burada yaşayacaqsınız. Hələ isti olduğuna görə açıq havada yatıb-dururduq. Ancaq qış gələndə məcburən kurqanların içərisinə daxil olmağa başladıq. Hər yan insan skeleti, kəllələri ilə dolu idi. Biz kəllələrə baxırdıq, kəllələr bizə…”
30 illik fasilədən sonra erməni işğalından geri aldığımız ata-baba yurdlarının indiki vəziyyətini görəndə, nədənsə mən Şükriyyə xanımın, öz türklərimiz olan qazax ellərindəki kurqanlarda keçirdiyi günlərin acı hekayəsini xatırlayıram. 37-də ona deyilən “Siz burada yaşayacaqsınız” cümləsi indi bizə deyilir.
Vətən müharibəsində bölgələr addım-addım azad olunduqca keçirdiyimiz sevinc hissi hamıya məlumdur. Bu möcüzəli hadisələr başa çatandan sonra ərazilərin videogörüntüləri nümayiş etdiriləndə mat-məəttəl qaldıq. Bu böyüklükdə bölgədə nə bir ev var, nə də bir ağac. Qonşumuzun kin-küdurətinin göstəricisi kimi qəbul etdik.
Amma daha ifadə etməyə söz də tapmırsan, nə qədər nanəcib olasan ki, çürümüş, dağılmış cəsədlərinin maşın-maşın yığıb daşıdığın torpağın hər qarışını ölüm adlanan mina ilə bəzəyəsən. Bu hərəkətləri ilə onu sübut ediblər ki, məğlubiyyətlərini göz altına alıbmışlar. Hər minanı basdıranda “Gəlin görək necə gəlirsiniz. Qarabağ necə sizindir?” − deyirmişlər.
Doğrudan da evi tikib, ağacı əkib abadlaşdıranda, yenə də hərəkətinə görə bağışlamağa bir ip ucu qalır. Bəs bunu necə bağışlayaq ki, yurd yerlərinə yaxınlaşan insanlar kənardan ora baxa-baxa qalırlar. Mənim şəxsi fikrimdir − yalnız bu işinə görə bu başıbəlalı qonşunu bağışlamaq qeyri-mümkündür.
… Başına gələnləri müxbirə danışırdı Şükriyyə xanım. 1988-89-cu illər idi,
televiziyada baxırdım. Yana-yana sonda bunları deyirdi: “Stalin svoloç, Stalin
xuliqan!”
İndi Xankəndində lövbər salan “sülhməramlı” hər addımı minalanmış Qarabağı bizə göstərib deyir: “Siz burada yaşayacaqsınız!..”
Nəzakət Muradova