Partlayış səsi əvəzinə zəng səsi: Donbas ətrafında nələr baş verdi? – Təhlil

Mustafa Hacıbəyli

 

Ukrayna Krımı və Donbası işğaldan azad etməyə hazrlaşırdı. Zelenskinin ritorikasının sərtləşməsi, Ukrayna ilə Türkiyə arasında intensivləşən danışıqlar və Donbasdakı hərəkətlənmə bundan xəbər verirdi.

 

Qarabağda Azərbaycan ordusunun uğuru və Qərbin dəstəyi Ukraynanı ürəkləndirmişdi.

 

Əgər Krım və Donbas işğaldan azad olunarsa, bu, Rusiyanın regoindakı gücünü şübhə altına alar(dı). Buna görə Rusiya tam gücü ilə Ukrayna ilə müharibəyə hazırlaşdı. Ukrayna ilə sərhəddə və Krıma 150 minlik qoşun toplanması buna görə idi. Ukrayna ordusu Donbasda irəliləməyə cəhd göstərsə, rus qoşunu nəinki, Donetskə girmək, hətta Kiyev istiqamətin mümkün qədər irəliləməyi qarşısına məqsəd qoymuşdu.

 

Belə bir ssenari 2008-ci ildə Gürcüstanda yaşanmışdı. Gürcü ordusu Tsxenvalini azad etdikdən bir neçə gün sonra rus qoşunları Tiflisə qədər irəliləmişdi. Qərb Rusiyanın bu özbaşınalığını hərbi dəstəklə yox, sadəcə sərt etiraz bəyanatları ilə qarşıladı. Eyni zamanda Rusiya ilə danışıqları bərpa edib, ondan Gürcüstandan çıxmağı xahiş etmişdilər. Putin Tsxenvali ilə bağlı öz şərtlərini qəbul etdirdikdən sonra geri çəkilmişdi.

 

Düzdür, Ukrayna Gürcüstan deyil, qat-qat qüdrətli dövlətdir. Ona görə ruslar üçün arxasında Qərbin dayandığı böyük bir Avropa ölkəsinə qarşı vuruşmaq asan olmayacaq(dı). Ola bilər ki, son nəticədə Rusiya uduzacaqdı. Amma tək Rusiya uduzmayacaqdı və belə görünür ki, Kreml məhz bu ssenariyə hazır idi. (Ovçu ehtiyatsızdırsa, yaralı ayı özü ölənəcən ovçusunu parçalayır).

 

Rusiya Qarabağın bir hissəsinin azad olunmasına iki amilə görə razılıq vermişdi: birincisi, Qarabağın digər hissəsinə öz qoşunlarını yeritmək; ikincisi, seçki yolu ilə hakimiyyətə gələn və Qərbin adamı kimi tanınan Paşinyanı, Kremlin dostlarını həbs etdirdiyinə görə cəzalandırmaq.

 

Ukraynanın Donbası və Krımı azad etməsi Rusiyanın təsir dairəsinin daralması ilə yanaşı, həm də onunla hesablaşmayan, onun tabeçiliyində olmayan Zelenski hökumətinin güclənməsinə səbəb olacaq(dı).

 

Rusiya dünyanı qana qərq etməyə hazır ikən və çoxları Donbasdan partlayış səsi eşitməyə hazır ikən, Kremldə telefon zənginin səsi eşidildi. Co Bayden Putinə zəng vurub görüş təklif elədi… Bununla da gərginlik azaldı. Sanki Putin bu zəngi gözləyirdi.

 

Bu zəngdən sonra Ukrayna ilə sərhəddə cəmləşən rus qoşunları öz dislokasiya yerlərinə qaytarıldı.

 

Məncə bu zəngdən sonra Putin Ukraynanın Krım və Donbası işğaldan azad etmək niyyətindən ən azı indiki mərhələ üçün imtina etdiyini anladı. Daha əvvəl Zelenski Putinlə Donbasda görüş təklif etməklə, geri çəkildiyini ifadə etmişdi. Ona görə, Putin də hələlik geri çəkildi.

 

P.S. Deyirlər ki, NATO Rusiyaya doğru niyə irəliləyir? NATO-ya girmək hər ölkənin öz hüququdur. Rusiya hansısa ittifaqa girəndə, Ukraynadan icazə almır. Ukrayna da NATO-ya girmək istəyirsə, Rusiyadan icazə almalı deyil. Ukrayna, onunla dili bir, dini bir olan Rusiya ilə yox, NATO ilə bir yerdə olmaq istəyirsə, bunun səbəbini Kremlin siyasətinin yaramazlığında axtarmaq lazımdır.

 

Basta