Müsavat rus işğalının ildönümü ilə bağlı tədbir keçirdi

Aprelin 28-də Müsavat Partiyası Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunmasının ildönümü ilə əlaqədar müzakirələr təşkil edib.

 

Partiyanın mətbuat xdmətindən verilən məlumata görə, video-konfrans formatında keçirilən tədbirdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Divan üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, Mustafa Hacıbəyli, Rafiq İsmayıl, Hidayət İsmayıl, başqanın müşaviri Dadaş Əhmədli, MGT üzvü Fərid Hüseynli, MSDM-in sədri İsa Qəmbər, MSDM-in üzvü Arzu Səmədbəyli,  tədqiqatçı Nəcibə Bağırzadə və tarixçi Cavanşir Kazımov iştirak ediblər.

 

Çıxışlarda qeyd edilib ki, Rusiyada hansı rejimin qurulmasından asılı olmayaraq, Kreml Azərbaycana qarşı işğalçı siyasətini davam etdirib. Çar Rusiyası çöksükdən sonra 1920-ci il aprel ayının 27-də bolşeviklər Azərbaycana qoşun yeridərək yeni qurulan Xalq Cümhuriyyətini süquta uğradıblar. Bunun səbəblərindən biri də o dövrdə Azərbaycan siyasətini yönəldənlərin bir qisminin satqınlığı, bir qisminin isə Rusiyadan gələn təhlükələri düzgün anlamaması, bu işğalı hətta xilas kimi qiymətləndirməsi olub. Nəticədə Müsavat Partiyası və milli lider Məhəmməd Əmin Rəsulzadə müstəqilliyi qorumaq üçün zəruri resurslardan məhrum olublar.

 

Təəssüf ki, bu faciədən nəticə çıxarılmayıb 1992-ci ildə Əbülfəz Elçibəyin prezidentliyi dövründə milli hökumət tərəfindən ölkədən çıxarılan rus ordusu ötən il noyabr ayının 10-da xalqın iradəsi nəzərə alınmadan yenidən Azərbaycana gətirilib.

 

Qeyd olunub ki, 11-ci Qızıl ordu Azərbaycana daxil olarkən, milli ordumuzun 300-dən artıq əsgəri Yalamada qəhrəmancasına müqavimət göstərərək şəhid olublar. Onlar öz həyatları hesabına bolşevilkərin Azərbaycana məhz işğalçı kimi daxil olduqlarını tarixə yazıblar. İşğaldan sonra Azərbaycanda Şura hökumətinə qarşı onlarla üsyan qaldırıldığı, bu üsyanların qəddarlıqla yatırıldığı, təkcə Gəncə şəhərindən 10 mindən çox soydaşımızın qətlə yetirildiyi bildirilib.

 

Azərbaycanın başına gələn faciələrin təkrarlanmaması üçün ilk növbədə işğal tarixi barədə bilgilərin yeni nəsillərə ötürülməsinin vacib olduğu, bu tədbirin də məhz həmin məqsədə xidmət etdiyi vurğulanıb.

 

Basta