DİN: “Parlament binasının qarşısında baş verənlərlə bağlı 7 nəfər saxlanıb”
Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin inzibati binasının qarşısında baş verənlərlə bağlı 7 nəfərin saxlandığını bildirib.
Qurumun yaydığı məlumatda deyilir ki, “saxlanan şəxslərə qarşı Cinayət Məcəlləsinin “kütləvi iğtişaş” və “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddələri ilə cinayət işi başlanıb, istintaq gedir”.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində bazar günündən başlayan və 3 gün davam edən atışmalarda Azərbaycan yüksək rütbəli general-mayoru daxil 11 hərbçisini itirib. Tovuzdan baş verənlərdən sonra çərşənbə axşamı gecə minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışıb. Onların əksəriyyəti Şəhidlər Xiyabanına yürüş edərək parlamentin inzibati binası qarşısına toplaşıblar. Əsas şüar “Qarabağ” olub.
Sonradan gecə saatlarında bir qrup şəxs parlamentin inzibati binasına daxil olub. BBC News Azərbaycancanın hadisə yerində olan müxbirinin müşahidəsinə görə, bir neçə nəfər parlamentin binasına daxil olaraq, şüşələri, çilçıraqları qırıblar və sonradan polis onları içəridən çıxarıb.
“Daş və digər müxtəlif əşyalarla zor tətbiq edilib”
Daxili İşlər Nazirliyi çərşənbə axşamı yaydığı məlumatında iddia edir ki, bəzi şəxslər asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıblar.
“Daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər,”- məlumatda iddia olunur.
“Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.” – DİN-in açıqlamasında bildirilir.
Qurum həmçinin bildirib ki, “dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.”
Bəzi ictimaiyyət nümayəndələri bir qrup yürüş iştirakçısının parlamentin inzibati binasına daxil olmasını təxribat kimi qiymətləndirib.
Parlamentin qarşısında nə baş verib?
İyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin qarşısında yürüş edən iştirakçılardan bəziləri Parlament binasına daxil olublar, hadisə yerində olan müxbirimiz bildirib.
“Adamlar Parlamentin qarşısına toplaşdılar. Sonra bir neçə nəfər Parlamentin binasına daxil olaraq, şüşələri, çilçıraqları qırıblar. İçəridə nəzarətçilər olsa da, onlar baş verənlərə mane olmadılar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri içəridən çıxartdı,” – müxbirimiz vəziyyəti izah edib.
İzdihamın toplaşdığı ərazidə yüzlərlə zirehli geyimli polisin olduğu bildirilib.
Çərşənbə axşamı günü Bakıda minlərlə insan nümayişə çıxıb. İzdiham orduya dəstək və müharibə çağırışları ilə yanaşı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun istefasını da tələb edib, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri çıxış ediblər, izdiham isə Nəcməddin Sadıqovla bağlı istefa tələbini səsləndirib.Paylaşımını ötürün YouTube, 1
Paylaşımın sonu YouTube, 1
Video açılmırsa, YouTube kanalımızda izləyin.
İnsanlar Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar.
Şəhidlər Xiyabanı qarşısında Azərbaycan dövlət himnini oxuyan yürüşçülər “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ” şüarları səsləndiriblər.
Müxbirimiz yürüş iştirakçılarının əsgər marşı oxuduqlarını “Azərbaycan”, “Pakistan”, “Türkiyə” sözlərini səsləndirdiklərini bildirib.
Bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində döyüşlər başlayıb. Çərşənbə axşamı da davam edən döyüşlərdə Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və daha 6 hərbçisi həlak olub. Uç gündür davam edən döyüşlərdə Azərbaycanın itkisi 11-ə çatıb.
Atəşkəsin pozulmasında hər iki tərəf bir-birini ittiham edir.
Çərşənbə axşamı günü toplaşmış izdiham “Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə yanaşı “Ali Baş Komandandan müharibə əmri verməsini istədiklərini” səsləndirib.
Bakıda şəhərin müxtəlif yerlərlərində də insanlar bir yerə toplaşaraq torpaqların azad edilməsi və Qarabağla bağlı şüarlar səsləndiriblər.
İzdihamı kənardan polis müşayiət edib. BBC News Azərbaycanın müxbiri xəbər verir ki, polis izdihamın təhlükəsizliyini təmin etmək üçün əraziyə nəqliyyat vasitələrinin girməsinə icazə vermir.
Bakının ayrı-ayrı ərazilərində də insanlar küçələrə axışıb “Azərbaycan”, “Qarabağ” şüarları qışqıqırlar, BBC News Azərbaycancanın müxbiri xəbər verir.
BBC