Əliyevin Lavrovla görüşündə bu məsələlər müzakirə edilib

Mayın 10-da Azərbaycanın dövlət başçısı İlham Əliyev və Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında Bakıda keçirilən görüşün əsas mövzusu post-müharibə dövründə regionda münasibətlərin normallaşması, kommunikasiya qurğularının fəaliyyətinin bərpası olub.

 

“İki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq,” – deyə,  İlham Əliyev qeyd edib.

 

Əliyev bildirib ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunlarına əsasən bütün hərbi əsirləri qaytarıb.

 

“Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistanın işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur.”

 

İlham Əliyev Ermənistanda artmaqda olan azərbaycanofobiya meyillərindən danışıb.

 

“Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq.”

 

Burada o əlavə edib ki, azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb.

 

“Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur.”

 

Əliyev hesab edir ki, Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir.

 

“Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi.”

 

Azərbaycan prezidenti ikitərəfli əməkdaşlıqdan danışarkən deyib ki, Rusiya ilə strateji tərəfdaşlığın bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmasına kömək edəcəyinə ümid edir. Onun fikrinə, hərbi baxımdan vəziyyət artıq normallaşmış hesab edilə bilər, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından. hələ çox iş görülməlidir.

 

“Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq.”

 

Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olmasını münasibtlərin sanballı nəticəsi kimi xarakterizə edib.

 

“Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir.”

 

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin üç ölkənin liderlərinin 9 noyabr tarixli birgə Bəyanatına və yanvarın 11-də Moskvada Azərbaycan prezidentinin əyani görüşünün nəticələrinə müvafiq olaraq nizamlanması barədə razılaşmaların yerinə yetirilməsinə tərəfdardır.

 

“Bizim sülhməramlı kontingentimiz Sizin Rusiya və Ermənistan rəhbərliyi ilə həmin əlaqələrinizin gedişində razılaşdırdığınız vəzifələri yerinə yetirir.”

 

Nazir Lavrov deyib ki, Rusiya hamının münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürməsi üçün hər şeyi edəcək.

 

“İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər.”

 

Rusiya xarici işlər naziri regionda humanitar məsələlərdən dsanışarkən bildirib ki, ölkəsi humanitar məsələlərin həllinə, yaşayış yerlərinin, nəqliyyat infrastrukturunun bərpasına kömək edir.

 

“Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir.”

 

Nazir bir daha xatırladıb ki, Rusiya münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstərir.

 

“Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır. Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik.”

 

O Azərbaycan prezidentinin fikirləri ilə razılaşır ki, Ermənistanda Azərbaycana qarşı qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir.

 

“Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin,” o qeyd edib.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə, mayın 5-6-da Yerevana səfər edirb. Onun səfəri zamanı danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi diqqət mərkəzində olub.